SOCAR “Neft Daşları” yatağı üçün yeni 1541A saylı estakadayanı meydançanın tikintisinə başlayıb.
SOCAR mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında inşa olunan obyektin baş podratçısı “Neftqaztikinti” Trestidir. “14 istismar quyusunun qazılması üçün nəzərdə tutulan estakadayanı meydança dənizin 16 metr dərinliyində yerləşdiriləcək”, – deyə məlumatda bildirilir.
6 ədəd dayaq bloku üzərində yığılacaq obyekt 2 minik meydançası, 5 yanalma meydançası, 7 aralıq seksiyasından ibarət olacaq. Ümumi sahəsi 2400 kvadrat metr təşkil edən meydançanın tikintisi üçün 1616 ton metal sərfi nəzərdə tutulub.
“Artıq metal konstruksiyaların hazırlanması işləri başa çatdırılıb, quraşdırma işlərinə start verilib. “General Şıxlinski” kran gəmisi vasitəsilə dayaq bloklarının hamısı, eləcə də 4 aralıq seksiyası layihə nöqtəsində quraşdırılıb, blokların bərkidilməsi üçün 18 ədəd svay vurulub. Meydançanın estakada ilə birləşən hissəsində də işlərə başlanılıb”, – deyə məlumatda qeyd olunur.
1541A saylı estakadayanı meydançadan qazılacaq quyulardan ümumilikdə sutkada 137 ton neft hasil olunacağı gözlənilir.