Avstraliyanın “Benthic” şirkəti “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda «Azeri Central East» (ACE) platformasının qurulması üçün nəzərdə tutulan yerdə geotexniki tədqiqat işləri aparacaq. Bu barədə şirkətin məlumatında deyilir.
““Benthic” şirkəti Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti ilə «Azeri Central East» platformasının qurulması üçün nəzərdə tutulan yerdə geotexniki tədqiqat işlərinin aparılması haqqında müqavilə bağlayıb. İşlər 2018-ci ilin I rübündə “Topaz Caspian Supporter” gəmisindən yerinə yetiriləcək», – deyə məlumatda bildirilir.
Dənizdə tədqiqatlar və laboratoriya sınaqları başa çatdıqdan sonra şirkət geotexniki məlumatlara dair müvafiq hesabatlar hazırlayacaq.*
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. Blokda neft hasilatına 1997-ci ilin noyabr ayında başlanılıb.
Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun 2050-ci ilədək işlənməsi haqqında yeni müqavilə imzalanıb.
Yeni müqaviləyə əsasən BP şirkəti (layihənin operatoru) 30,37%, SOCAR 25%, “Chevron” 9,57%, “ExxonMobil” 6,79%, ONGC 2,31%, “Inpex Corp.” 9,31%, ITOCHU Oil 3,65%, “Statoil” 7,27%, TPAO 5,73% paya sahibdir.
Yeni saziş çərçivəsində 2050-ci ilədək investisiya qoyuluşları $43 mlrd. həcmində qiymətləndirilir və 500 mln. tondan çox neft hasil olunacağı nəzərdə tutulur.