Azərbaycan

Cənub Qaz Dəhlizi üzrə Gürcüstan-Türkiyə sərhədindəki nəzarət-ölçü stansiyası istismara hazırdır

Cənub Qaz Dəhlizi üzrə Gürcüstan-Türkiyə sərhədində yerləşən nəzarət-ölçü stansiyası istismara tam hazırdır.

“BP-Azerbaijan” şirkətindən AZƏRTAC-a bildirilib ki, 2017-ci il ərzində CQBKG üzrə işlər Azərbaycan və Gürcüstanda boru kəməri marşrutu boyunca uğurla davam edib. Ümumilikdə bu işlərin ilk qaz üçün nəzərdə tutulmuş həcminin 99 faizi artıq tamamlanıb.

Azərbaycanda və Gürcüstanda əsas kəmər xəttinin inşası işləri tamamlanıb. Azərbaycan hissəsində hazırda diqqət birləşdirmə və hidro-sınaqlar kimi yekunlaşdırma işlərinə yönəlib.

Gürcüstanda Türkiyə ilə sərhəddə yerləşən nəzarət-ölçü stansiyasına (81-ci sahə), kəmərin Gürcüstan hissəsinə və 1-ci kompressor stansiyasına təhlükəsiz şəkildə karbohidrogen daxil edilib. Nəzarət-ölçü stansiyası hazırda tam istismar vəziyyətindədir və Cənub Qaz Dəhlizi üzrə “istismara hazır” olduğu elan edilən ilk obyektdir. İndi diqqət 1-ci kompressor stansiyasının istismara verilməsinə hazırlıq məqsədilə işə salınma işlərini təhlükəsiz şəkildə başa çatdırmağa və 2-ci kompressor stansiyasının tikintisini və istismar sınaqlarını tamamlamağa yönəlib.