Cari ilin ikinci rübündə SOCAR üzrə neft hasilatı birinci rüblə müqayisədə 3,6 faiz artaraq 1,9 milyon tona yüksəlmiş, qaz hasilatı isə 5,29 faiz artaraq 1,66 mlrd. kub metrə çatmışdır.
6 ay ərzində SOCAR üzrə 3,7 milyon ton neft 3,2 mlrd. kub metr qaz hasil olunmuşdur. Ölkə üzrə 2018-ci ilin altı ayı ərzində ümumilikdə 19,38 mln. ton neft, 14,36 mlrd. kub metr qaz hasil edilmişdir. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə neft hasilatında 1,2% , qaz hasilatında isə 3,1% artım təşkil etmişdir.
SOCAR üzrə hasilatın stabilləşməsi və artırılması strateji əhəmiyyətli yataqlarda həyata keçirilən kompleks tədbirlər planı ilə bağlıdır. Bu istiqamətdə qazma işlərinin artırılması da mühüm yer tutur. 2018-ci ilin yanvar-iyun aylarında 80 min metrə yaxın quyu qazılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,4% daha çoxdur. Qazma işlərinin 39 min metrdən artığı 2018-ci ilin II rübünün (aprel-may-iyun) payına düşür.
2018-ci ilin ikinci rübündə xam neftin və neft məhsullarının ixracında həmçinin əhəmiyyətli artım müşahidə olunmuşdur. Ötən ilin müvafiq dövrünə nisbətən xam neftin ixracı 18% artaraq 6,1 milyon tona yüksəlmişdir. Cari ilin iyun ayında xam neftin ixracı bir il əvvəlki dövrün müvafiq göstəricilərini 24% geridə qoyaraq 2,1 milyon tona qədər artmışdır.
Neft məhsullarının ixracında 19% artım qeydə alınmışdır, yəni ötən ilin aprel-may-iyun aylarında 350 min tona yaxın neft məhsulu ixrac olunmuşdursa, bu il həmin göstərici 410 min tondan yüksək olmuşdur. Bu dövrdə dizel yanacağının ixracı təqribən 48%, mütləqləşdirilmiş izopropil spirti 69%, maye piroliz qətranı 27%, propilen 30%, butilen butadien fraksiyasının ixracı isə 37% artmışdır.
Neft və neft məhsullarının ixracının müsbət dinamikası ilə bağlı SOCAR-ın Sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov deyir: “AÇG yataqlar bloku üzrə SOCAR-ın payının 11,65%-dən 25%-ə yüksəlməsi SOCAR tərəfindən ixrac olunan xam neftin miqdarını artırmış, həmçinin cari ilin 2-ci rübündə emal olunan xam neftin 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə daha çox olması ixrac edilən neft məhsullarının miqdarında artıma səbəb olmuşdur.”