“Azərenerji” 2019-cu ildən elektrik enerjisinin istehsalında 1,3 milyard m3 həcmində təbii qaza qənaət edib
“Azərenerji” ASC son beş il ərzində Azərbaycanda 840 MVt yeni generasiya gücü istismara verib. “İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, bunu ASC-nin sədri Baba Rzayev rəsmi mətbuatda dərc olunmuş məqaləsində deyib.
“Son beş il ərzində Azərbaycanda 840 MVt yeni generasiya gücü istismara verilib, mövcud generasiya gücləri üzrə 1300 MVt-a qədər güc “Reabilitasiya Proqramı” çərçivəsində bərpa edilib. Bu dövr ərzində enerjisistem üzrə elektrik enerjisinin istehsalında xüsusi sərfiyyatın azalması nəticəsində 14,5 milyon manat dəyərində 239 milyon kVts və texniki itkilərin azalması nəticəsində 8 milyon manat dəyərində 128 milyon kVts elektrik enerjisinə, eləcə də 214,5 milyon manat dəyərində 1,3 milyard m3 həcmində təbii qaza qənaət edilib”, – deyə o bildirib.
B.Rzayev qeyd edib ki, “Azərbaycan” İstilik-Elektrik Stansiyası “Reabilitasiya Proqramı” çərçivəsində tamamilə yenidən qurulub, 12 elektrik stansiyasında təmir-bərpa işləri həyata keçirilib.