Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) xaricdə daşınmaz əmlaka investisiya qoyuluşları $2,2 mlrd. məbləğində qiymətləndirilir.
Bunun 73%-ni birbaşa investisiyalar, 27%-ni isə dolayı investisiyalar təşkil edir.
Neft Fondunun məlumatına əsasən, ARDNF daşınmaz əmlaka üç istiqamət üzrə investisiyalar yönəldib:
- Moskva, London, Paris, Seul, Tokio və Milan şəhərlərində yerləşən kommersiya tipli daşınmaz əmlaka yatırılan birbaşa investisiyalar;
- Almaniya, Yaponiya, Çin, ABŞ və Sinqapurun mərkəzi biznes ərazilərində yerləşən ofis və kommersiya tipli daşınmaz əmlaka yatırılan müştərək investisiyalar;
- Asiya və Sakit Okean hövzəsi, Avropa və ABŞ-da kommersiya, həmçinin, Yaponiyada logistika təyinatlı daşınmaz əmlaka yatırım edən fondlara investisiyalar.
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin diversifikasiyası və gəlirliliyinin artırılması məqsədilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2011-ci il 27 oktyabr tarixli 519 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitlərinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”a edilmiş dəyişikliklərə uyğun olaraq, qəbul edilmiş investisiya siyasətinə əsasən, investisiya portfelinin məcmu dəyərinin 10%-ə qədəri daşınmaz əmlaka yönləndirilə bilər.
ARDNF-nin daşınmaz əmlaka investisiya strategiyasının əsas məqsədi bu sahədə kifayət qədər inkişaf etmiş, yüksək şəffaflıq və likvidliklə səciyyələnən, müvafiq qanunverici bazaya və uzunmüddətli icarə ənənəsinə malik ölkələrin əsas mərkəz-biznes ərazilərinə investisiyaların həyata keçirilməsindən ibarətdir.
ARDNF daşınmaz əmlaka iilk investisiyasını 2012-ci ilin dekabrında etmişdir.
· Londonun Seynt Ceyms 78 ünvanında yerləşən və dəyəri 177,4 milyon ingilis funt sterlinqi (285,6 milyon ABŞ dolları) təşkil edən ofis kompleksi;
· Moskva şəhərinin biznes mərkəzi “Tverskaya 16” ünvanında yerləşən və dəyəri 133 milyon ABŞ dolları təşkil edən “Qalereya Aktyor” ofis-ticarət mərkəzi;
· Paris şəhərinin Vandom meydanı 8 ünvanında yerləşən, dəyəri 135 milyon avro (180 milyon ABŞ dolları) təşkil edən ofis və ticarət obyektlərindən ibarət olan daşınmaz əmlak kompleksi;
· Seul şəhərinin 203 Euljiro2-ga, Jung-gu ünvanında yerləşən və dəyəri 447 milyon ABŞ dolları təşkil edən “Payn Avenyu A qülləsi” ofis kompleksi;
· Tokio şəhərinin Ginza rayonunda, Çou avenyuda yerləşən və dəyəri 52,3 milyard yapon yeni (432 milyon ABŞ dolları) təşkil edən Kirarito Ginza ticarət obyekti;
· Milan şəhərinin tarixi biznes mərkəzində yerləşən və dəyəri 97 mln. avro təşkil edən “Palazzo Turati” ofis binasının satın alınması.

Daşınmaz əmlaka edilən birbaşa investisiyalar haqqında məlumat
“78 Seynt Ceyms”, Vest End,London, Böyük Britaniya: Ofis kompleksi

ARDNF daşınmaz əmlaka ilk investisiyasını Londonun West End səmtində, Seynt Ceyms 78 ünvanında yerləşən və dəyəri 177,4 milyon ingilis funt sterlinq təşkil edən ofis kompleksini almaqla həyata keçirmişdir.
Seynt Ceyms Londonda bir sıra tarixi memarlıq binalarının yerləşdiyi mərkəzi ərazidir ki, Seynt Ceyms küçəsi 78 ünvanında olan bu görkəmli tikili qeyd edilən ərazinin ən məşhur hissələrindən birində yerləşir. 1845-ci ildə tikilmiş bu bina tarixi fasadı saxlanılmaq şərtilə 2003-cü ildə yenidən təmir olunmuş və “A” tipli ofis binaları sinfinə tamamilə uyğunlaşdırılmışdır. Ümumi sahəsi 11 018 kv. metr təşkil edir.
“Qalereya Aktyor”,Tverskaya 16, Moskva, Rusiya: ofis-ticarət mərkəzi;

ARDNF Moskva şəhərinin biznes mərkəzi “Tverskaya 16” ünvanında yerləşən və dəyəri 133 milyon ABŞ dolları təşkil edən “Qalereya Aktyor”ofis–ticarət mərkəzini satın almışdır.
“Qalereya Aktyor” Moskva şəhərinin tarixi mərkəzində yerləşir. “Tverskaya” küçəsi məşhur mehmanxana və ofislərin, eləcə də bir çox beynəlxalq ticarət brendlərinin təmərküzləşdiyi ərazidir. Bina “Tverskaya” küçəsi və “Strastnoy” bulvarının kəsişməsində, Kreml və Qızıl Meydanın yaxınlığında yerləşir. 1881-ci ildə teatr binası kimi istifadəyə verilmiş bu bina tarixi fasadı saxlanılmaq şərtilə 1995-ci ildə yenidən təmir olunmuşdur. Binanın ümumi sahəsi 18 075 kv. metr təşkil edir. Əmlak müxtəlif dövlət qurumlarının nümayəndəliklərinə, maliyyə, sığorta və konsaltinq xidməti göstərən şirkətlərə, və beynəlxalq ticarət brendinə icarəyə verilmişdir. Binanın yerləşdiyi ərazinin müstəsnalığı, eləcə də Moskva ofis daşınmaz əmlak bazarının güclü fundamental əsasları bu investisiyadan daimi gəlirliliyin əldə edilməsinə şərait yaradan amillərdəndir ki, binanın ticarət obyektlərinə icarəyə verilən hissəsi üçün nəzərdə tutulan yeniliklər nəticəsində gələcəkdə bu gəlirliliyin daha da artırılması planlaşdırılır.
“8 Vandom meydanı”,Paris, Fransa: Ofis və ticarət obyektlərindən ibarət daşınmaz əmlak kompleksi

ARDNF Paris şəhərinin Vandom meydanı 8 ünvanında yerləşən, dəyəri 135 milyon avro təşkil edən ofis və ticarət obyektlərindən ibarət olan daşınmaz əmlak kompleksinin satın alınmasına dair razılıq əldə etmişdir.
Bu investisiya ARDNF-nin daşınmaz əmlak portfelinin diversifikasiya edilməsi üzrə investisiya strategiyasına uyğun olaraq həyata keçirilmişdir.
Vandom meydanı Parisin ən görkəmli yerlərindən biri olub, şəhərin əsas mərkəz-biznes ərazisi hesab olunur. Yüksək biznes profilinə malik şirkətlərin ofislərinin və lüks mağazaların təmərküzləşdiyi bu ərazi həm daxili, həm də xarici investorlar tərəfindən ciddi maraqla qarşılanır və yüksək icarə haqqları ilə səciyyələnir. Özünəməxsus və zəngin memarlıq üslubuna malik olan bu meydan fransız klassikasının önəmli arxitekturalarından biri hesab olunur.
Bina XVIII əsrdə inşa edilmiş və hal-hazırda əsasən ofis, eləcə də ticarət və yaşayış məqsədlərilə istifadə edilən görkəmli tikilidən, eləcə də 1950-ci illərdə tikilmiş ofis binasından ibarətdir. 1712-ci ildə klassik fransız barokko üslubunda tikilmiş bina Kral XIV Luinin şərəfinə inşa edilmiş məşhur Vandom meydanının bir hissəsidir. Binanın ümumi sahəsi 5400 kv. metr olub, ofis, ticarət və yaşayış sahələri bir sıra nüfuzlu şirkətlərə, o cümlədən bir sıra maliyyə və hüquq xidməti şirkətlərinə, eləcə də zərgərlik məmulatları istehsal edən məhşur şirkətlərə icarəyə verilmişdir.
“Payn Avenyu A qülləsi” ofis kompleksi.Seul, Cənubi Koreya;

ARDNF Cənubi Koreyanın paytaxtı Seul şəhərində yerləşən və dəyəri 447 milyon ABŞ dolları təşkil edən “Payn Avenyu A qülləsi” ofis kompleksini satın almışdır.
Seulda əldə edilmiş daşınmaz əmlak kompleksi ARDNF tərəfindən Asiya və Sakit okean hövzəsində həyata keçirilən bu tipli ilk investisiyadır. Seul Asiyada uzun müddət ərzində ofis sektorunda davamlı mənfəətliliyi ilə seçilən ən cəlbedici investisiya regionlarından biridir. Bu, güclü inkişaf etmiş daxili iqtisadiyyata və yüksək kapitallı maliyyə sektorunun mövcudluğuna əsaslanır.
“Payn Avenyu A qülləsi” Seulun biznes mərkəzində – aparıcı Koreya və beynəlxalq təşkilatların ofislərinin cəmləşdiyi ərazidə yerləşir. Binanın tikintisi 2011-ci ildə başa çatdırılmışdır və son dövrlər ərzində Seul biznes mərkəzində yerləşən ən cəlbedici investisiya aktivlərindən biridir.
Əmlakın A klass sinfinə aid olması icarədarların bütün tələblərini cavablandıraraq binanın uzun müddətdə dəyərinin artmasına zəmin yaradır.
Binanın ümumi ərazisi təqribən 65 000 kvadrat metr təşkil edir.
“Kirarito Ginza” ticarət obyekti.;Tokio, Yaponiya;

ARDNF Yaponiyanın paytaxtı Tokio şəhərində yerləşən və dəyəri 52,3 milyard yapon yeni təşkil edən Kirarito Ginza ticarət obyektini satın almışdır.
Kirarito Ginza ticarət obyekti Yaponiyanın ən məşhur ticarət ərazisi sayılan Ginza rayonunda, Çou avenyuda yerləşir. Binanın tikintisi 2014-cü ildə başa çatdırılmışdır və son dövrlər ərzində Ginza rayonunda tikilən ən dəyərli investisiya aktivlərindən biridir. Binanın ümumi sahəsi 15 647 kvadrat metr təşkil edir və müxtəlif şirkətlər tərəfindən icarəyə götürülmüşdür.