“Transxəzər” təbii qaz boru kəməri layihəsinin həyata keçirilməsi üçün hər iki ölkənin istəyi və hazırlığı olmalıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov deyib.
“Transxəzər” qaz boru kəməri layihəsinin həyata keçirilməsi üçün hər iki ölkənin buna istəyi, arzusu və hazırlığı olmalıdır. Xəzərin hüquqi statusu ilə bağlı yekun Konvensiyanın imzalanması da öz növbəsində daha yeni imkanlar açır. Bu Konvensiya əvvəlcə bütün iştirakçı ölkələrdə müəyyən hüquqi prosedurlardan keçməlidir. Bundan sonra isə o, əsas yaradacaq ki, iştirakçı ölkələr təkcə enerji deyil, digər sahələrdə də öz aralarında, o cümlədən ikitərəfli formatda bir sıra birgə əməkdaşlıq yaratsınlar və layihələr həyata keçirsinlər”, – deyə Pərviz Şahbazov bildirib.
Qeyd edək ki, “Transxəzər” qaz boru kəməri layihəsi Türkmənistan qazının Xəzər dənizi və Azərbaycandan keçməklə Avropa bazarına çatdırılmasını nəzərdə tutur.