2007-2019-cu illər ərzində SOCAR tərəfindən İndoneziya istiqamətində ümumilikdə 25,1 milyon ton xam neft təchiz edilib. Bu barədə Energetika Nazirliyindən nəlumat verilib.
Bu gün energetika naziri Pərviz Şahbazov və diplomatik fəaliyyəti başa çatan İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hüsnan Bey Fananie arasında videokonfrans formatında görüş olub.
“Görüşdə Azərbaycan və İndoneziyanın enerji sahəsində əməkdaşlığının mövcud vəziyyəti və perspektivlərinə dair müzakirələr aparılıb. SOCAR ilə “Pertamina” şirkətləri arasında investisiya və neft-qaz yataqlarının inkişafı üzrə əməkdaşlıq məsələləri nəzərdən keçirilib”, – deyə məlumatda bildirilir.
Tərəflər “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə İndoneziya Respublikasının Energetika və Mineral Ehtiyatlar Nazirliyi arasında enerji əməkdaşlığına dair Anlaşma Memorandumu”nun imzalanmaya hazır olduğunu qeyd ediblər.
Sənədin İndoneziyanın energetika və mineral ehtiyatlar nazirinin Azərbaycana səfəri zamanı imzalanmasının məqsədəuyğunluğu diqqətə çatdırılıb.