logo

Türkmənistan və Azərbaycan Xəzərdəki mübahisəli yatağın birgə işlədəcəklər

Views: 105

Bu gün “Dostluq” yatağının birgə kəşfiyyatı və işlənməsi dair Memorandum imzalanıb

Türkmənistan və Azərbaycan Xəzər dənizindəki “Dostluq” karbohidrogen yatağının birgə kəşfiyyatı, işlənməsi və işlənməsinə dair Anlaşma Memorandumu imzaladılar. Bu son dərəcə əhəmiyyətli sənədin imzalanma mərasimi 21 yanvar cümə axşamı Türkmənistan Xarici İşlər Nazirliyində baş tutdu.

Türkmənistan XİN-in məlumatına görə, Prezidentlər Qurbanqulu Berdiməhəmmədov və İlham Əliyev də videoformat vasitəsi ilə bu tədbirdə iştirak edərək çıxış ediblər.

Memorandumu iki ölkənin xarici əlaqələr qurumlarının rəhbərləri – Azərbaycan nümayəndə heyətinin başında Aşqabada gələn Ceyhun Bayramov və Rəşid Meredov imzaladılar.

Türkmənistanla Azərbaycan arasında enerji sektorunda əməkdaşlıqda yeni bir səhifə açan memorandum Xəzər bölgəsində davamlı sülh, mehriban qonşuluq və bərabərhüquqlu tərəfdaşlıq mühiti yaratmaq üçün birgə səylərin nəticəsidir.

Qeyd edək ki, “Dostluq” adlandırılan bu yataq Sovet dovründə Azərbaycan neftçilərinin kəşfiyyat quyusu qazaraq neft həcmləri aşkar etdikləri sonuncu yataqdır. Burada qazma işləri 1989-cu ildə aparılıb. Müstəqillik illərində bu yatağın işlənməsi Azərbaycan və Türkmənistan arasında mübahisəli məsələ kimi gündəmə daxil olub, çünki dənizin sektoral bölünməsi zamanı yataq hər iki dövlətin sərhədlərinə düşürdü və rəsmi Bakının yatağı birgə işləmək təklifləri uzun illər Aşqabad tərəfindən cavabsız qalmışdı.

Azərbaycan Dövlət Neft Şirkətindən alınan məlumata görə, bu yataq geoloji struktur baxımından “Qarabağ” yatağına bənzərdir və orada həm neft layları, həm də qaz layları mövcuddur. Neft ehtiyatlarının həcmi 50 milyon tona yaxındır. Qaz laylarında isə 100 milyard kub metrə qədər qazın olduğu təxmin edilir.

0

Your Cart