Azərbaycan

SOCAR “Ümid”, “Qarabağ” və “Babək” yataqlarında yeni quyuların qazılması üçün bu il dövlət büdcəsindən 442 mln. manat alıb

SOCAR 2018-ci ildə bir sıra yataqlarda qazma işlərinin aparılması və təbii qazın “Azərenerji” ASC-yə satışına görə yaranmış zərərin örtülməsi üçün dövlət büdcəsindən 604,5 mln. manatdan çox vəsait alıb.

Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-ın İctimaiyyətlə əlaqələr üzrə nümayəndəsi İbrahim Əhmədov məlumat verib.

“SOCAR “Ümid”, “Qarabağ” və “Babək” yataqlarında quyuların qazılması üçün 2018-ci il dövlət büdcəsində nəzərdə tutulan 663,2 mln. manat məbləğində vəsaitin 442 mln. manatını artıq alıb”, – deyə o bildirib.

Bundan başqa, şirkətə dövlət büdcəsindən ayrılan 300 mln. manat məbləğində subsidiyanın 162,5 mln. manatı da alınıb. «Bu vəsaitlər idxal olunan təbii qazın “Azərenerji” ASC-yə müqavilə dəyərindən aşağı qiymətə satışına görə yaranmış zərərin örtülməsinə yönəldilib.

Xəbər verildiyi kimi, Azərbaycan parlamenti yayda 2018-ci il dövlət büdcəsinə dəyişiklikləri təsdiq edib. Bu dəyişikliklərə əsasən, SOCAR-a 963,2 mln. manat məbləğində vəsait ayrılacaq.

SOCAR tərəfindən bəzi neft yataqları (“Ümid”, “Qarabağ” və “Babək” yataqları) üzrə qazma işlərinin aparılması məqsədi ilə dövlət dəstəyi olaraq SOCAR-ın nizamnamə kapitalının artırılması üçün 663,2 mln. manat və idxal olunan təbii qazın “Azərenerji” ASC-yə müqavilə dəyərindən aşağı qiymətə satışına görə yaranmış zərərin örtülməsi üçün şirkətə 300 mln. manat ayrılacaq.