Qazaxıstan

Qazaxıstan Mərkəzi Asiya ölkələrinə benzin satmağa başlayır

Qazaxıstan Rusiya ilə Mərkəzi Asiya ölkələrinə neft məhsullarının ixracı məsələsində rəqabətə start verib.

Astana payızda Qırğızıstan, Özbəkistan və Tacikistana benzin ixracına başlayacaq. Gələn il ixracın həcminin 1- 1,2 mln. tona çatdırılması da planlaşdırır. Rusiya nəşrlərinin yaydıqları məlumata görə, bunun üçün Astana Moskva ilə əvvəl imzaladığı sazişi nizamlamalıdır. Söhbət Qazaxıstandan benzin ixracını qadağan edən Rusiya-Qazaxıstan razılaşmasından gedir. Qazaxıstan paralel olaraq Rusiya neft məhsullarının idxalına məhdudiyyətlər tətbiq etməyə başlayır.

“Nezavisimaya qazeta” yazır ki, artıq ölkənin üç neft emalı zavodunun modernləşməsinə 6 mlrd. dollar vəsait sərf edib. Ölkənin energetika naziri Kanat Bozumbayev də bildirib ki, bu müəssisələrin işləməsi gərəkdir. Mütəxəssislərin proqnozlarına görə, Qazaxıstan özünü tam şəkildə neft məhsulları ilə təmin etməli, artıq qalan məhsullarını isə qonşu ölkələrə satmalıdır. Yanacaq-sürtgü materiallarının ixracının ən optimal variantı onun Mərkəzi Asiya və Əfqanıstana ixracıdır. “KazMunayQaz” milli şirkətinin neftin nəqli, təkrar emalı və işlənməsi üzrə idarə heyətinin rəhbəri Daniyar Tiesov bildirib ki, Qırğızıstan, Özbəkistan və Tacikistana bu il 400 min ton yanacaq-sürtgü materiallarının göndərilməsini planlaşdırır. 2019-cu ildə nəqlin həcmini 1,2 mln. tona çatdırmaq planlaşdırılır. Lakin Kanat Bozumbayevin qənaətincə, ixrac məsələsi Rusiya ilə imzalanan sazişlərlə bağlıdır. “Məsələ ondadır ki, bizim Rusiya ilə imzalanan sazişə müvafiq olaraq yanacaq-sürtgü materiallarının ixracında qadağamız var. Bu da onunla bağlıdır ki, biz Rusiya neft məhsullarını alırdıq. Aydındır ki, onlar istəmirdilər ki, biz onu başqa ölkələrə ixrac edək. Bu səbəbdən də biz hazırda bir vaxt təsdiq etdiyimiz sənəd üzərində iş aparırıq”, – deyə nazir bildirib.

Rusiya Qazaxıstana yanacaq ixrac edən yeganə dövlətdir. Qazaxıstanın benzin bazarının üçdə biri onun payına düşür. Özünün neft məhsullarını ixrac etmək üçün Qazaxıstan Rusiya idxalından imtina etməlidir. Artıq yaxın günlərdə Rusiyadan dəmir yolu ilə benzinin idxalına qadağa qüvvəyə minir, eləcə də xaricdən daxil olan benzinə aksizin 2,5 dəfə artırılması planlaşdırılır. Bununla bağlı yekun qərar iyulun 6-da aparılacaq kütləvi müzakirələrdən sonra mümkün olacaq.

Lakin bəziləri hesab edir ki, bu məsələdə Rusiya ilə Qazaxıstan arasında hər hansı bir rəqabət mümkün deyil. “Neft məhsullarının Qırğızıstan, Özbəkistan və Tacikistana daşınması ilə bağlı Rusiya ilə Qazaxıstan arasında maraqlar toqquşmur. Respublika neft emalı zavodlarının modernləşməsi üçün investisiyalar əldə etməlidir. Bu səbəbdən də Qazaxıstan yanacaq idxalını azaltmaq qərarına gəlib”, – deyə ekspert Marat Şibutov bildirib. Əgər Qazaxıstan Rusiya yanacağını deyil, özünün neft məhsullarını satmağa başlarsa, onda hər hansı bir rəqabət olmayacaq. Özü də Qazaxıstanın qonşu ölkələrə satmağa hazırlaşdığı 400 min ton o qədər də çox deyil. “Qonşulara suallar var. İlk növbədə Tacikistan dərhal aldığı yanacağı benzinin baha olduğu Əfqanıstana satacaq.

Qazaxıstan üçün ən yaxşısı o olardı ki, özü əfqanlara neft məhsulları satardı”, – deyə ekspert vurğulayıb. Onun qənaətincə, Özbəkistan və Qırğızıstana da böyük həcmdə satış gözləməyə dəyməz. Daşkənd Pavlodar-Çimkent boru xətti ilə Rusiya neftini alır, oradan isə Qazaxıstanın neft emalı zavodlarına emal üçün göndərir. Özbəkistanın özünün nefti azdır. O ki qaldı Qırğızıstana – bu ölkə qazax mazutunu alıb çinlilərin onun ərazisində inşa etdiyi neft emalı zavodunda emal etməyə üstünlük verir. “Onlar üçün bu, bir dəfə ucuz, bizlər üçünsə itkidir”, – deyə Şibutov bildirib. Ekspert diqqəti ona yönəldir ki, Qazaxıstanda benzin Rusiya benzinindən iki dəfə ucuzdur. Bu səbəbdən də qazax istehsalçıların qiymət fərqindən mənfəət əldə etmək üçün Rusiyaya benzin göndərəcəkləri təhlükəsi var. Öz növbəsində MDB İnstitutunun iqtisadiyyat şöbəsinin ekspertləri hesab edirlər ki, Mərkəzi Asiya bazarını hər bir ölkə üçün ayrılıqda nəzərdən keçirməyi təklif edir.

Beləliklə, buradan belə qənaətə gəlmək olar ki, yaxın vaxtlarda Mərkəzi Asiyada iki dövlət arasında iqtisadi sferada ciddi rəqabət yaranacaq. Ekspertlər indi buna bir qədər skeptik yanaşsalar da, gələcəkdə rəqabət ciddiləşə bilər. Yəni Qazaxıstanın 6 mlrd. dollara modernləşdirdiyi neft emalı zavodları hesabına bunu reallaşdırmaq potensialı var.