Maraqlı Xəbərlər

“Petkim”in baş direktoru: “Gələcəkdə yeni neft emalı zavodu inşa oluna bilər”

“Türkiyə bazarı dünyanın ən böyük bazarlarından biridir və o çox sürətlə böyüyür. Buna görə də gələcəkdə yeni  neft emalı zavodunun inşası istisna olunmur”.

Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu “Petkim Petrokimya Holding A.Ş”in baş direktoru Anar Məmmədov bildirib.

“STAR neft emalı zavodu istismara verildikdən sonra zavod “Petkim”i xammalla tam təmin edəcək və xam maddə (nafta) idxalı dayandırılacaq. Lakin həyata keçirilməsi planlaşdırılan yeni neft-kimya kompleksi istismara verildikdən sonra yenidən xammal idxalına ehtiyac yaranacaq. Türkiyə bazarı dünyanın ən böyük bazarlarından biridir və o çox sürətlə böyüyür. Bazar sürətlə böyüdüyündən biz də bu sürətə uyğunlaşmalıyıq. Bəlkə, gələcəkdə yeni bir neft emalı zavodu da inşa oluna bilər”, – deyə A. Məmmədov qeyd edib.

Onun sözlərinə görə, hazırda “Petkim” Türkiyənin neft-kimya məhsullarına tələbatının 20%-ni ödəyir: “Türkiyənin neft-kimya məhsullarına olan tələbatının 80%-i isə idxal olunur. Bu isə Türkiyə üçün problemdir. Türkiyənin cari kəsirinin böyük hissəsi neft-kimya məhsullarının idxalı ilə əlaqədardır”.

O qeyd edib ki, Türkiyədə ildə 2 mln. ton polipropilen istehlak edilir və “Petkim” 144 min ton istehsalla bu məhsula olan tələbatın 7%-ni ödəyir: “Polipropilenlə yanaşı, Türkiyənin polietilen bazarı da çox böyükdür. “Petkim”də ildə 1 mln. ton polietilen istehsal edilir ki, bu da daxili bazarın 60%-ni təmin edir. “Petkim”də bazarın ən çox ehtiyacı olan və bazarda ticarət olunan neft-kimya məhsulları istehsal olunur”.

Onun sözlərinə görə, dünyada neft-kimya bazarı 2%, Türkiyədə isə orta hesabla 7% artır.

O, Türkiyədə həyata keçirilməsi planlaşdırılan ikinci neft-kimya kompleksinin layihələndirmə və inşaat işlərinin, təxminən, 5 il davam edəcəyini qeyd edib. Onun sözlərinə görə, bu layihə Türkiyə bazarına hədəflənəcək: “Yeni müəssisə “Petkim”in ərazisində inşa olunacaq. Əgər yeni ərazidə neft-kimya müəssisəsi inşa etsək, xərclərimiz 30% artar. Bütün infrastrukturumuz hazır olduğuna görə, yeni müəssisə də “Petkim”in ərazisində inşa olunacaq”.