Maraqlı Xəbərlər

“Petkim”in birinci rübdəki mənfəəti 131,4 mln türk lirəsi olub

Cari ilin birinci rübündə “Petkim PetroKimya Holding A.Ş.”nin xalis mənfəəti 131,4 milyon türk lirəsi təşkil edib.

AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, hesabat dövründə “Petkim”in gəliri isə 1,88 milyard türk lirəsinə çatıb.

Şirkətin 2017-ci ilin müvafiq dövründəki xalis mənfəəti 365,9 milyon türk lirəsi, gəliri 1,77 milyard lirə olmuşdu.

Xatırladaq ki, SOCAR 2008-ci ildə “Petkim” şirkətinin səhmlərinin 51 faizini 2,04 milyard ABŞ dollarına alıb. Daha sonra Özəlləşdirmə İdarəsinə məxsus olan 10 faizlik payı alınıb və sonra o satılıb. Hazırda “Petkim”in 51 faizlik səhmi SOCAR-a məxsusdur. O dövrdə “Petkim”in dövriyyəsi 2,1 milyard türk lirəsi olub. 2017-ci ilin üçüncü rübündə isə bu göstərici 4,5 milyard türk lirəsi, mənfəəti isə 1 milyard lirə təşkil edib.

Yəni, 2016-cı və 2017-ci illər “Petkim” üçün rekordlarla dolu illər olub. Bu illər ərzində “Petkim”in yaxşılaşdırılması üçün 760 milyon dollar investisiya qoyulub. Şirkət üçün ciddi bir sərmayə proqramı var və bu investisiya 2009-2012-ci illər arasında tədricən həyata keçirilib. Hazırda “Petkim” Türkiyənin ən böyük şirkətlərindən biridir.

SOCAR 2008-ci ilin mayından etibarən Türkiyədəki fəaliyyətini “SOCAR Turkey Enerji A.Ş.” adı ilə davam etdirir. STEAŞ “Petkim”də təxminən 51 faizlik paya sahibdir.