Azərbaycan

Neft Emalı Zavodunda yeni bitum qurğusunun inşası sentyabrda yekunlaşacaq

Heydər Əliyev adına Neft Emalı Zavodunun (BNEZ) modernizasiya və yenidənqurma işləri çərçivəsində yeni bitum qurğusunun inşası bu ilin sentyabr ayında yekunlaşacaq.

Report” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Strateji inkişaf üzrə vitse-prezidentinin müşaviri Teymur Əliyev bildirib.

“Yeni bitum qurğusunun detallı layihələndirmə, satınalma işləri yekunlaşıb. Bitum qurğusunun inşası bu ilin sentyabr ayında tam yekunlaşacaq”,- deyə o əlavə edib.

Qeyd edək ki, yeni bitum qurğusunun illik istehsal gücü 400 min ton olacaq və qurğuda “EN 40/60” markalı, yüksəkkeyfiyyətli yol bitumu istehsal olunacaq. Yeni bitum istehsalı qurğusunun təməlqoyma mərasimi Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə 2016-cı il sentyabrın 19-da qoyulub.

Yeni bitum istehsalı qurğusunun inşası Heydər Əliyev adına Neft Emalı Zavodunda aparılacaq yenidənqurma tədbirlərinin ilkin mərhələsi olacaq.