Azərbaycan

Yeraltı qaz anbarlarındakı qazın həcmi 3 mlrd. m3-ə çatdırılacaq

Payıza kimi yeraltı qaz anbarlarındakı qazın həcmi təqribən 3 milyard kubmetrə çatdırılacaq.

Bu barədə AZƏRTAC-a eksklüziv açıqlamasında SOCAR-ın ictimaiyyətlə əlaqələr üzrə rəsmisi İbrahim Əhmədov deyib.

“Qaz anbarları hər bir ölkə üçün enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır. Hesab olunur ki, ölkədə qaz anbarlarının həcmi ümumi ölkədaxili istehlakın 20 faizdən aşağı olmamalıdır. Bəzi ölkələr öz qaz anbarlarını həmin minimum həddə çatdırmağa çalışırlar. Azərbaycanda isə qaz anbarlarının həcmi 3,5 milyard kubmetr civarındadır, bu da ölkənin ümumi təbii qaz tələbatının 30-33 faizini təşkil edir. Azərbaycanın iki böyük yeraltı qaz anbarı var. Qaz anbarları əsasən ilin isti çağında doldurulur. Yaz-yay fəslində qışdan qalan qalığın üstünə əlavə qaz həcmləri vurulur və növbəti qış aylarında istehlakçılara verilir. Ötən il Qaradağ yeraltı qaz anbarına 1,145 milyard kubmetr, Qalmaz anbarına isə 792 milyon kubmetr civarında əlavə təbii qaz həcmi vurulub”, – deyə SOCAR-ın rəsmisi bildirib.

O qeyd edib ki, qaz anbarlarının tutumu ölkənin daxili ehtiyacına tələb olunan həcmdən artıq olanda izafi anbar tutumu idxal-ixrac əməliyyatları üçün istifadə oluna bilər. Beləliklə, Azərbaycanın geniş qaz anbarlarına malik olması beynəlxalq ticarət əməliyyatlarında rəqabət üstünlüyü yaradır. Belə olan halda yay aylarında üçüncü tərəflərdən əlavə qaz alınır və tələbatın yüksək olduğu qış aylarında daha münasib şərtlərlə ixrac olunur.

“SOCAR Azərbaycanda öz imkanları ilə hasil etdiyi təbii qazın hamısını məhz daxili tələbatın qarşılanması üçün ölkədaxili qurumlara – “Azərenerji” ASC və “Azəriqaz” İB-yə ötürür. Qaz anbarlarının izafi həcmindən isə kommersiya məqsədilə istifadə edilir. Üçüncü tərəflərdən əlavə qaz həcmləri alınır. İdxal olunan qaz əsasən tələbatın yüksək olduğu qış aylarında ixrac edilir. Beləliklə, şirkət özünün çıxardığı təbii qazın hamısını ölkə daxilinə yönləndirdiyinə baxmayaraq, üçüncü tərəflərlə ticarət əməliyyatlarını həyata keçirir, bunun sayəsində ölkəyə əlavə gəlir qazandırır və strateji bazarlarda öz mövqeyini təmin edir”, – deyə o bildirib.

İ.Əhmədov deyib ki, hazırda SOCAR Qaradağ və Qalmaz yeraltı qaz anbarlarının genişləndirilməsini həyata keçirir. Yaxın illərdə həmin anbarların həcminin 5 milyard kubmetrə çatdırılması hədəflənir. Qaz anbarlarının genişləndirilməsi beynəlxalq kommersiya əməliyyatları baxımından əhəmiyyət kəsb edir. Gələcəkdə ölkədə təbii qazın hasilatı ilə yanaşı, tələbatın da artacağını nəzərə alsaq, aydın olur ki, qaz anbarlarının genişləndirilməsi həm də ölkənin enerji təhlükəsizliyi baxımından vacibdir: “Bu ilin payızına kimi qaz anbarlarına əlavə qaz vurulandan sonra anbarlarda 2,9 milyard kubmetr civarında təbii qaz yığılacaq, bu da əvvəlki ilin göstəricisi ilə müqayisədə 10 faiz artım təşkil edəcək”.