logo

“Maire Tecnimont”: SOCAR-la imzalanan müqavilənin dəyəri $800 mln-dur

Views: 31

İtaliyanın “Maire Tecnimont S.p.A.” şirkətlər qrupunun “Tecnimont/Kinetics Technology” Alyansı ilə SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodu (NEZ) arasında imzalanan müqavilənin dəyəri təxminən 800 milyon ABŞ dollarına bərabərdir.

AZƏRTAC xəbər verir ki, bu barədə “Maire Tecnimont” məlumat yayıb. Bildirilir ki, layihənin müqavilə imzalanan tarixindən etibarən 41 ay ərzində tamamlanması nəzərdə tutulur.

Qeyd edək ki, SOCAR Heydər Əliyev adına Neft Emalı Zavodunun yenidənqurma və modernizasiya layihəsi çərçivəsində fevralın 1-də Bakıda “Maire Tecnimont S.p.A.” şirkəti ilə zavodda yeni qurğuların tikintisi üzrə EPC müqaviləsi imzalayıb. Müqaviləyə əsasən Heydər Əliyev adına NEZ-in modernizasiyası və rekonstruksiyası layihəsinin bir hissəsi kimi müəssisədə EPC sabit qiymət prinsipləri əsasında yeni qurğuların tikintisi həyata keçiriləcək. Müqaviləyə əsasən, 10-dan çox istehsal qurğusunun tikintisini nəzərdə tutulur.

Yeni qurğuların tikintisi üzrə tender 2017-ci il fevralın 10-da elan edilib, seçim prosesində 5 beynəlxalq şirkət iştirak edib. “Maire Tecnimont S.p.A.” şirkətinin törəmə şirkətləri “Tecnimont və Kinetics Technology” Alyansı tenderdə yüksək yekun göstəricilər qazanaraq yeni obyektlərin tikintisi üçün EPC podratçısı seçilib.

Emal zavodunun yenidənqurma layihəsi podratçı şirkətlər – SOCAR-KBR/KBR alyansı tərəfindən idarə olunur. Layihənin 2021-ci ildə başa çatdırılması nəzərdə tutulur. Birinci mərhələdə 2018-ci ildə yeni bitum qurğusu və müvafiq ümumzavod təsərrüfatı qurğuları, eləcə də yeni maye qazdoldurma məntəqəsi tikilib istismara veriləcək. İkinci mərhələdə 2020-ci ilin sonunadək “Avro-5” keyfiyyət standartına cavab verən dizel yanacağının alınması üçün yeni qurğuların inşası və müvafiq yenidənqurma işləri müəyyənləşdirilib. Üçüncü mərhələdə isə 2021-ci ilin əvvəlinədək “Avro-5” keyfiyyət standartına cavab verən A-92/95/98 benzin məhsullarının istehsalı üçün müvafiq yeni qurğuların inşası nəzərdə tutulub.

Modernizasiya layihəsinin həyata keçirilməsi istehsal edilən yanacağın keyfiyyətini “Avro-5” standartına uyğunlaşdırmağa və istehsal həcmini ildə 7,5 milyon tona çatdırmağa imkan verəcək. Rekonstruksiya ölkəmizin ixrac potensialını və NEZ-in gəlirliliyini artıracaq, həmçinin “Azərikimya” İB-nin sabit xammal təchizatını təmin edəcək. Layihə nəticəsində NEZ-in əməliyyat xərclərinin optimallaşdırılması, habelə Bakıda ekoloji vəziyyətin yaxşılaşdırılması gözlənilir.

“Tecnimont” şirkəti Azərbaycanda həm də SOCAR-ın neft-kimya sənayesində reallaşdırdığı “SOCAR Polymer” layihəsinə EPC podratçı qismində cəlb edilib, yeni polipropilen və yüksək sıxlıqlı polietilen zavodlarının inşası çərçivəsində mühəndislik, təchizat və tikinti üzrə müqavilələr imzalayıb.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart