Azərbaycan

Bu il Azərbaycanda qaz itkisi səviyyəsinin 7,9%-ə qədər endirilməsi hədəflənir

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin (İB) inzibati binasında Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2014-2018-ci illər) icrasının 4-cü ilinin yekunlarına həsr olunmuş konfrans keçirilib.

Konfransda Prezident İlham Əliyevin ölkənin qazlaşdırılması ilə bağlı verdiyi tapşırıqların icrası məqsədilə qarşıda duran vəzifələrə həsr olunmuş geniş müşavirə keçirilib.

Report”un İB-yə istinadən verdiyi xəbərə görə, SOCAR rəhbərliyinin iştirakı ilə keçirilən müşavirədə “Azəriqaz” İB tərəfindən indiyədək görülmüş işlərə nəzər yetirilib, prioritet istiqamətlər müəyyənləşdirilib, Birliyin fəaliyyəti ətraflı təhlil edilib.

Müşavirədə çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib ki, Azərbaycan dövləti və yüz faizli dövlət şirkəti olan SOCAR ölkə əhalisinin qaz təminatını, yerli istehlakçıların tələbatını mütləq prioritet hesab edir: “Odur ki, “Azəriqaz”ın məsuliyyət yükü bu məsələdə hamıdan çoxdur. Son illər ölkənin qaz təsərrüfatının, qazpaylayıcı şəbəkənin inkişafı istiqamətində ciddi tədbirlər görülsə də, aparılan işlərin effektivliyi bu gün bir daha təhlil edilməli, müştəri məmnunluğuna tam nail olunmalıdır”.

Müşavirədə qeyd olunub ki, ölkə ərazisində qazlaşdırma sahəsində aparılan geniş miqyaslı işlər nəticəsində Azərbaycanda əhalinin qazla təchiz edilməsi 93%-ə çatdırılıb. Bir çox xarici ölkələrdə qazlaşdırma kommersiya əsasında keçirilir və onun xərcləri istehlakçıların üzərinə düşür. Lakin Azərbaycanın dövlət başçısının iradəsi belədir ki, qazlaşdırma xərcləri dövlət vəsaiti hesabına həyata keçirilir. Bu mənada qaz təchizatı ölkədə sosial öhdəliklərdən biridir. R.Abdullayev çıxışında “Azəriqaz” İB-nin dövlətin tapşırıqları və ona ayrılan vəsaitlərin müqabilində nəzərdə tutulan işləri maksimum mümkün səmərə ilə yerinə yetirməli olduğunu bildirib. Ölkə başçısının Dövlət Neft Şirkətinə bu il üçün 100 mln. manat vəsait ayıraraq qazlaşdırma səviyyəsinin 93 faizdən 95 faizə çatdırılması haqqında verdiyi tapşırığın vaxtında və yüksək keyfiyyətlə icra olunması cari ilin ən əsas fəaliyyət istiqaməti kimi müəyyənləşdirilib. Abşeron yarımadasında qaz infrastrukturunun köhnəlməsi ilə əlaqədar yaranan qaz itkilərinin azaldılması istiqamətində “Azəriqaz” tərəfindən radikal addımların atılmasının zərurəti qeyd olunub, cari ildə ölkə üzrə itki səviyyəsinin 7,9%-ə qədər endirilməsi başlıca hədəf kimi vurğulanıb.

Tədbirdə məruzə ilə çıxış edən “Azəriqaz” İB-nin baş direktoru Əkbər Hacıyev məlumat verib ki, 2010-2017-ci illərdə Azərbaycan ərazisində yaşayış məntəqələrinin genişmiqyaslı yeni qazlaşdırılma tədbirləri nəticəsində respublikanın 1 416 yaşayış məntəqəsi təbii qazla təmin edilib. O qeyd edib ki, 2009-cu ilin iyul ayına qədər mövcud qaz şəbəkəsinin uzunluğu 10 536 km təşkil edirdisə, Birliyin fəaliyyət göstərdiyi 8 ilə yaxın vaxt ərzində isə 48 558 km yeni qaz kəmərləri çəkilib, 9 101 km müxtəlif diametrli qaz xətləri yenidən qurulub, 29 ədəd qazpaylayıcı stansiya və qaztənzimləyici məntəqə quraşdırılıb.

Azərbaycan Prezidentinin vətəndaşların sosial rifahının yaxşılaşdırılması və işsizliyin aradan qaldırılması üzrə müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq, bü günə qədər “Azəriqaz” İstehsalat Birliyi tərəfindən xidməti müqavilə əsasında 7 minə yaxın vətəndaş işlə təmin olunub. Hazırda “Azəriqaz” tərəfindən kadr strukturları və ümumi idarəetmə sahəsində aparılan islahatlar bundan sonra təmir-bərpa işlərinin daha sürətli və effektli keçirilməsini proqnozlaşdırmağa əsas verir. Ə.Hacıyev “ASAN Kommunal” mərkəzinin “Azəriqaz”la əməkdaşlığı barədə məlumat verərək qeyd edib ki, bu əməkdaşlıq kommunal xidmət səviyyəsi və müştəri məmnunluğunun əhəmiyyətli dərəcədə artması üçün münbit zəmin yaradır.