Azərbaycan

ABŞ-ın “ExxonMobil” korporasiyası BTC layihəsinin səhmdarı olub

Dünyanın ən böyük neft şirkətlərindən biri olan ABŞ-ın “ExxonMobil” korporasiyası Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) layihəsinin səhmdarı olub.

AZƏRTAC xəbər verir ki, bu barədə “BP-Azerbaijan” şirkətinin məlumatında bildirilir.

Məlumata görə, “BTC Co.”nun səhmdarları arasında dəyişiklik olub. Belə ki, “ExxonMobil” şirkəti “BTC Co.”nun səhmdarı olan “CIECO” şirkətinin 2,5 faizlik səhmini alıb.

Hazırda “BTC Co.”nun səhmdarları belədir: BP (30,1 faiz), “AzBTC” (25 faiz), “Chevron” (8,9 faiz), “Statoil” (8,71 faiz), TPAO (6,53 faiz), “Eni” (5,00 faiz), “Total” (5 faiz), “Itochu” (3,4 faiz), “Inpex” (2,5 faiz), “ExxonMobil” (2,5 faiz) və “ONGC (BTC) Limited” (2,36 faiz) şirkətləridir.

Qeyd edək ki, 1768 kilometr uzunluğa malik BTC boru kəməri 2006-cı ilin iyunundan istismardadır. Həmin vaxtdan 2017-ci ilin sonunadək BTC ilə ümumilikdə 383 milyon tondan çox (təxminən 2,87 milyard barrel) xam neft nəql olunub və Ceyhan limanında 3 min 758 tankerə yüklənərək dünya bazarına göndərilib.