Azərbaycan, Materiallar

Aİ-92 markalı benzinin qiyməti 28,6% artdı

Bundan əvvəl Azərbaycanda avtomobil benzinin qiymətləri 2013-cü il dekabrın əvvəlində orta hesabla 30% artmışdı.

Tarif (qiymət) Şurasının iyulun 14-də keçirilmiş növbəti iclasında SOCAR-ın müraciəti əsasında Aİ-92 markalı benzininin pərakəndə satış qiymətinə baxılıb, müvafiq tarif tənzimlənməsi həyata keçirilib.

Tarif Şurasının çıxardığı qərara əsasən,  Aİ-92 markalı benzininin pərakəndə satış qiyməti 15 iyul 2017-ci il tarixdən 1 litr üçün 0,90 AZN (hazırkı kursla $0,53) müəyyənləşdirilib. Əvvəllər bu göstərici 0,70 AZN idi. Beləliklə, qiymət artımı 28,57% təşkil edib.

Caspian Barrel Tarif Şurasına istinadən bildirir ki, hansı səbəblərdən benzin qiymətinin artımına hökumət qərar verib:

  1. ölkədə istehsal edilən mühərrik yanacaqlarının keyfiyyətinin yüksək avrostandartlara çatdırılması;
  2. ekoloji mühitin yaxşılaşdırılması;
  3. artan ölkədaxili tələbatın etibarlı təmin edilməsi məqsədilə investisiya imkanlarının genişləndirilməsi;
  4. neft emalı sənayesində yenidənqurma və modernləşdimə işlərinin həyata keçirilməsinin zəruriliyi;
  5. ötən illər ərzində manatın məzənnəsində baş verən dəyişikliklər;
  6. artan daxili tələbatın SOCAR-ın ixrac imkanlarını məhdudlaşdırması;
  7. benzin ixracından xarici valyuta gəlirlərinin azalması.

Tarif Şurası qeyd edib ki, tarif dəyişikliyindən sonra da Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti Azərbaycanda əksər MDB və region ölkələri ilə müqayisədə aşağı olacaq. Belə ki, hazırda Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün Gürcüstanda 0,86, Rusiyada 0,61, Qazaxıstanda 0,43, Belarusda 0,59, Ukraynada 0,98 ABŞ dolları təşkil edir.