SOCAR neft ehtiyatlarının aşkarlanması nöqteyi-nəzərindən Xəzərin Azərbaycan sektorunda “Şimali Abşeron”da D230 blokunu perspektivli hesab edir. Bu barədə SOCAR-ın vitse-prezidenti Bəhram Hüseynov məlumat verib.
“D230 bloku neft ehtiyatlarının aşkarlanması nöqteyi-nəzərindən perspektivli hesab edilir. Burada həmin meydançanın perspektivlinin qiymətləndirilməsi məqsədilə seysmik kəşfiyyatlar aparılacaq”, – deyə B.Hüseynov bu gün Bakıda keçirilən “Caspian Oil&Gas” konfransında çıxışında bildirib.
B.Hüseynov vurğulayıb ki, ümumilikdə Azərbaycan neft və qaz hasilatının stabillə.məsi üşün quru və dənizdə yeni neft-qaz yataqlarının aşkarlanması potensialına malikdir.
“Ölkədə neft yataqlarının əsas hissəsi artıq aşkar olunub. Quruda da neft yataqlarının aşkar edilməsi perspektivləri mövcuddur. Burada və dənizdə mezozoy çöküntülərinin perspektivləri öyrənilir. Bu nöqteyi-nəzərdən, dənizdə Abşeron yarımadasının cənub dayazsulu hissəsi (“Cənubi Abşeron”), “Şimali Abşeron” və “Şərqi Abşeron”, həmçinin Bakı Arxipelaqının cənub-qərb hissəsi perspektivlidir. Hazırda bir neçə şirkətlə bu məsələni araşdırırıq”, – deyə o qeyd edib.
SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə öz növbəsində xatırladıb ki, 2016-cı ilin may ayında SOCAR və BP arasında Xəzər dənizinin Azərbaycan sektorunda Şimali Abşeron hövzəsindəki D230 blokunda potensial perspektiv strukturlarda birgə geoloji-kəşfiyyat işlərinin aparılmasına dair Anlaşma Memorandumu imzalanıb.
“Hazırda D230 blokunun kəşfiyyatı və işlənməsi üzrə müqavilə hazırlanır”, – deyə o qeyd edib.
X.Yusifzadə həmçinin bildirib ki, bu blokda dənizin dərinliyi 150 metrdən 700 metrədəkdir. Məhsuldar qatların dərinliyi 3000-3500 metr təşkil edir.