Maraqlı Xəbərlər

SOCAR I rübdə büdcəyə ödəmələri 22% artırıb

SOCAR həm birinci rübdə, həm də mart ayında dövlət büdcəsinə ödəmələri artırmağa nail olub

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 2017-ci ilin mart ayında dövlət büdcəsinə 133 milyon 985 min manat vəsait ödənilmişdir.

SOCAR mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, bu göstərici 2016-cı ilin mart ayı ilə müqayisədə 24 milyon 737 min manat və ya 122,6 faiz çoxdur. Ümumiyyətlə, cari ilin yanvar-mart aylarında büdcəyə 396 milyon 643 min manat vəsait ödənilmişdir ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 71 milyon 513 min manat və ya 122 faiz çoxdur.

Bundan əlavə, 2017-ci ilin mart ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 11 milyon 105 min manat vəsait köçürmüşdür. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 185 min manat və ya 101,7 faiz çoxdur. Cari ilin yanvar-mart aylarında SOCAR tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 36 milyon 268 min manat təşkil etmişdir ki, bu da 2016-cı ilin yanvar-mart ayları ilə müqayisədə 4 milyon 298 min manat və ya 113,4 faiz çoxdur.