Azərbaycan

“Azneft” yeraltı anbarlara 2,35 mlrd. kubmetr qaz vurmağı planlaşdırır

SOCAR 2017-ci ildə yeraltı qaz anbarlarına ötən illə müqayisədə daha çox qaz vurmağı planlaşdırır

2017-ci ilin qaz vurma mövsümü ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin Qaz Anbarlarının İstismarı İdarəsi tərəfindən istismar edilən “Qaradağ” və “Qalmaz” yeraltı qaz anbarlarına 2,350 mlrd. kubmetr qazın vurulması planlaşdırılır.

Qurumdan “Report”a verilən məlumata görə, bu həcmdən 1,806 mlrd. kubmetrin “Azneft” İB-nin, 544 mln. kubmetrin isə digər mənbələrdən alınması hesabına olacaq.

Hazırda qaz anbarları kimi istifadə olunan “Qaradağ” və “Qalmaz” yataqlarının ümumi aktiv qaz həcmi tutumu 3,5 mlrd. kubmetrə qədərdir. Anbarların cari dövrə qalıq aktiv qaz həcmi orta hesabla 800 mln. kubmetrdir.

Qeyd edək ki, 2016-cı ilin qazvurma mövsümü ərzində (aprel-noyabr) yeraltı qaz anbarlarına ümumilikdə 1,987 mlrd. kubmetr qaz vurulub.