“Şahdəniz”dən hasil edilən qazın 30%-dən çoxu Azərbaycanın daxili bazarında satılıb
Caspian Barrel “Şahdəniz” yatağı haqda maraqlı faktları təqdim edir:
1. “Şahdəniz” yatağı Bakıdan cənub-şərqdə 70 km məsafədə yerləşir, dənizin dərinliyi 50 metrdən 600 metrə qədər dəyişir. Sahəsi 140 kv.km-dir.

2. Onun 1 trilyon kubmetr qaz və 2 milyard barel kondensat ehtiyatı var. 1 noyabr 2022-ci il tarixinə “Şahdəniz”dən 178,2 milyard kubmetr qaz hasil edilib (ümumi ehtiyatların 17,8%-i) və onun 124,3 milyard kubmetri ixraca yönəldilib.
3. İndiyə qədər “Şahdəniz” yatağından hasil edilən qazın 53,9 mlrd kubmetri və ya 30,25%-i Azərbaycanın daxili bazarında satılıb.
4. “Şahdəniz-2” layihəsi çərçivəsində hasilat Xəzərdə ilk dəfə olaraq buruqdan həyata keçirilmir (platformada buruq yoxdur). Hasilat dənizin 500 metrdən çox dərinliyində 5 manifolddan, yəni sualtı robotlaşdırılmış hasilat qurğuları ilə baş tutur.
5. “Şahdəniz”də laylar çox dərində yerləşir – təsəvvür edin ki, 7301 metr dərinlikdə quyu qazılıb. Ona görə də lay təzyiqi çox yüksəkdir.
6. Şahdəniz-2 layihəsi zamanı yeni çəkilən sualtı boruların (qaz, kondensat) ümumi uzunluğu 500 km-dən artıq olub (yəni Xəzər dənizinin ən dar hissəsininin sahillərini 2 dəfə bu uzunluqda borularla birləşdirmək olardı).
7. 2022-ci ilin III rübündən “Bravo” platformasında hasil edilən qazın həcmi “Alfa” platformasındakı (Şahdəniz-1) həcmləri ötüb.
8. 2023-cü ildə BP və partnyorları yataqda “Şahdəniz-3” layihəsinin qiymətləndirilməsi məqsədi ilə quyu qazılmasını nəzərdə tuturlar.