logo

BP yanvar-sentyabr aylarında AÇG blokundan neft hasilatını 9,5% azaldıb

Views: 120

2022-ci ilin yanvar-sentyabr aylarında “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan təxminən 114 milyon barel (15 milyon ton) neft hasil edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “BP Exploration (Caspian Sea) Limited” şirkətindən (layihənin operatoru – İF) məlumat verilib.

Xəbər verildiyi kimi, 2021-ci ilin yanvar-sentyabr aylarında AÇG blokundan 126 milyon barel neft (17 milyon ton) hasil olunub. Beləliklə, bu ilin yanvar-sentyabr aylarında sözügedən müqavilə sahəsindən neft hasilatı 9,5% azalıb.

Hesabat dövründə şirkət AÇG blokunun işlənməsi layihəsi üzrə xərcləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,1% – $1 milyard 541 milyona qədər azaldıb. “Bu məbləğin $337 milyonu əməliyyat xərclərinin, $1 milyard 204 milyonu əsaslı xərclərin payına düşüb”, – deyə mətbuat xidmətinin məlumatında bildirilir.

Bu dövrdə orta gündəlik neft hasilatı 418 min barel (ötən ilin yanvar-sentyabr aylarında 461 min barel) olub.

Yanvar-sentyabr aylarında “Çıraq” platformasından gündəlik 25 min barel (2021-ci ilin müvafiq dövründə 29 min barel), “Mərkəzi Azəri” platformasından 105 min barel (gündəlik 109 min barel), “Qərbi Azəri” platformasından 108 min barel (gündəlik 115 min barel), “Şərqi Azəri” platformasından 63 min barel (gündəlik 77 min barel), “Dərinsulu Günəşli” platformasından 77 min barel (gündəlik 87 min barel), “Qərbi Çıraq” platformasından 40 min barel (gündəlik 44 min barel) neft hasil olunub.

“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun işlənməsi haqqında 2050-ci ilədək olan dövrü əhatə edən yeni müqavilə imzalanıb.

Yeni müqavilə üzrə BP (Britaniya – layihənin operatoru) 30,37%, SOCAR 25%, MOL (Macarıstan) 9,57%, “ExxonMobil” (Amerika) 6,79%, ONGC (Hindistan) 2,31%, “Inpex Corp.” (Yaponiya) 9,31%, “ITOCHU Oil” (Yaponiya) 3,65%, “Equinor” (Norveç) 7,27%, TPAO (Türkiyə) 5,73% pay sahibidir.

Yeni saziş çərçivəsində 2017-2049-cu illərdə sərmayə qoyuluşu $43 milyard məbləğində qiymətləndirilir və 500 milyon tondan çox neft hasil olunacağı nəzərdə tutulur.

“Çıraq” yatağından neft hasilatı 1997-ci ilin noyabrından, “Azəri” yatağının mərkəzi hissəsindən 2005-ci il fevralın 13-dən, “Azəri” yatağının qərb hissəsindən 2005-ci il dekabrın 30-dan, “Azəri” yatağının şərq hissəsindən 2006-cı il oktyabrın 31-dən həyata keçirilir. 2008-ci ilin aprel ayının əvvəlindən “Günəşli” yatağının dərinsulu hissəsində, 2014-cü il yanvarın 29-dan isə “Çıraq” yatağının qərb hissəsində neft hasilatına başlanılıb.

interfax.az

0

Your Cart