Böyük Britaniyanın enerji şirkəti bp və Abu Dabi (BƏƏ) neft-qaz şirkəti ADNOC Misirdə birgə müəssisə yaratmaq barədə razılığa gəliblər. Bu barədə şirkətlərin yaydıqları birgə press-relizdə məlumat verilir.
“ADNOC və bp bu gün Misirdə yeni birgə müəssisə yaratmaq barədə razılığa gəldiklərini elan edirlər”, – deyə məlumatda bildirilir.
İlkin olaraq, bp-nin 51% və ADNOC-un 49% paya sahib olacağı müştərək müəssisə Misirdə qaz aktivlərinin inkişafına diqqət yetirəcək.
Müqavilənin bir hissəsi olaraq, bp Misirdəki üç işlənmə konsessiyasında, eləcə də kəşfiyyat müqavilələrindəki maraqlarını birgə müəssisəyə ötürəcək və ADNOC gələcək inkişaf imkanları üçün kapital töhfəsi verəcək.
Birgə Müəssisənin konsessiyalarında iştirak payına bp-nin “Shorouk” layihəsindəki 10% payı, Şimali Damiettadakı 100% payı, Şimali El Burqdakı 50% payı, həmçinin Şimali El Tabya, Bellatrix-Seti Şərqi və Şimali El Fayruz üçün kəşfiyyat konsessiya müqavilələri daxildir.
Şirkətlər qeyd edirlər ki, birgə müəssisənin yaradılmasının lazımi razılıq və icazələrin alınması şərti ilə bu ilin ikinci yarısında başa çatdırılması planlaşdırılır.
Britaniyanın bp şirkəti dünyanın altı ən böyük neft və qaz korporasiyasından biridir. 1909-cu ildə yaradılmışdır. ADNOC isə 1971-ci ildə yaradılıb və bütünlüklə BƏƏ-nin paytaxt əmirliyinin hökumətinə məxsusdur.