logo

Azərbaycan yanvar-avqust aylarında Türkiyəyə qaz ixracını 4,5% azaldıb

Views: 99

Azərbaycan 2022-ci ilin yanvar-avqust aylarında Türkiyəyə “Şahdəniz” yatağından hasil edilən 5 milyard 699,17 milyon kubmetr qaz ixrac edib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 4,5% azdır. “İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) məlumatında deyilir.

2022-ci ilin avqust ayında Azərbaycandan Türkiyəyə 538,79 milyon kubmetr qaz ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,53% azdır. Avqust ayında Türkiyəyə qaz ixracının ümumi həcminin 13,98%-i Azərbaycanın payına düşüb.

Azərbaycan avqust ayında Türkiyəyə qaz ixracının həcminə görə üçüncü pillədə qalıb. Birinci yerdə Rusiya (54,84%), ikinci yerdə İran (23,49%), dördüncü yerdə Əlcəzair (7,69%) qərarlaşıb.

Cari ilin avqust ayında Türkiyəyə 3 milyard 852,87 milyon kubmetr qaz (2021-ci ilin avqust ayı ilə müqayisədə azalma 7,62%) ixrac edilib. 3 milyard 556,73 milyon kubmetr boru kəməri qazının (bütün ixracın 92,31%-i, artım 0,86%), 296,14 milyon kubmetr (bütün ixracın 7,69%-i, azalma 54,04%) isə LNG-nin payına düşüb.

Türkiyəyə qaz ixracı 4 ölkədən (Azərbaycan, Rusiya, İran (boru kəmərləri ilə), Əlcəzair (LNG)) həyata keçirilib.

Türkiyəyə “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-1” və “Mərhələ-2” çərçivəsində hasil olunan Azərbaycan qazı ixrac edilir.

2021-ci ilin III rübündə Azərbaycan və Türkiyə arasında 2024-cü ilin sonuna qədər Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəql ediləcək 11 milyard kubmetr təbii qazın alqı-satqısı haqqında yeni müqavilə imzalanıb. Müqavilə çərçivəsində nəql 2021-ci il oktyabrın 1-dən həyata keçirilir. Müqavilə üzrə 2022-ci il üçün nəql 2,55 milyard kubmetr, illik ixrac pik həddə 3,7 milyard kubmetr həcmində nəzərdə tutulub.

2021-ci ildə Azərbaycan Türkiyəyə “Şahdəniz” yatağından hasil edilən 8 milyard 820,24 milyon kubmetr qaz (azalma 22,7%) ixrac edib.

“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. Müqavilə üzrə tərəflərin iştirak payı aşağıdakı kimidir: BP (operator – 29,99%), SOCAR (21,02%), LUKOIL (19,99%), NICO (10%) və TPAO (19%).

interfax

0

Your Cart