SOCAR apreldə Belarusa Azərbaycan neftinin yeni partiyasını nəql etməyi planlaşdırır.
“Biz aprel ayında Belarusa Gürcüstanın Supsa limanından bir partiya neft göndərməyi planlaşdırırıq”, – deyə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Onun sözlərinə görə, bu partiyanın həcmi 85-90 min ton təşkil edəcək. “Tanker aprelin 8-də, hava şəraiti yaxşılaşan kimi yola salına bilər”, – deyə İ.Əhmədov əlavə edib.
Xəbər verildiyi kimi, “SOCAR Trading” mart ayında Odessa limanından Odessa-Brodı neft kəməri vasitəsilə Belarusa ümumi həcmi 250 min tona yaxın 3 partiya neft nəql edib. Martın 12-də Ceyhan limanından 90 min ton “Azeri Light” markalı, martın 15-də Novorossiysk limanından 80 min ton “Urals” markalı, martın 24-də isə Supsa limanından 80 min ton “Azeri Light” markalı neft tankerləri Odessa limanında qəbul edilib. Neft Odessa-Brodı boru kəməri, daha sonra isə Broda-Mozır marşrutu ilə Mozır neft emalı zavoduna yola salınıb.
“Belneftexim”in məlumatına görə, SOCAR 2020-ci ildə Belarusa 1 milyon tona yaxın neft nəql edə bilər.
Odessa-Brodı kəməri vasitəsilə Azərbaycandan Belarusa neft 2011-ci ildə nəql olunub. Müqavilədə 4 milyon ton neftin nəqli nəzərdə tutulsa da, faktiki həcm təxminən 900 min ton təşkil edib.