Azərbaycan 2021-ci ilin yanvar-oktyabr aylarında Türkiyəyə “Şahdəniz” yatağından hasil edilən 7 milyard 465,4 milyon kubmetr qaz ixrac edib ki, bu da 2020-ci ilin müvafiq dövrünün göstəricisindən 20,4% azdır. Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) məlumatında deyilir.
Oktyabr ayında Türkiyəyə 761,95 milyon kubmetr Azərbaycan qazı ixrac edilib. Bu dövrdə Türkiyəyə qaz ixracının ümumi həcminin 16,36%-i Azərbaycanın payına düşüb. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın həcmi 30,91% azalıb.
Azərbaycan bu ilin oktyabr ayında Türkiyəyə qaz ixracının həcminə görə üçüncü pillədə qalıb. Birinci yerdə Rusiya (40,06%), ikinci yerdə ABŞ (18%), dördüncü yerdə Əlcəzair (9,2%) qərarlaşıb.
Azərbaycan 2020-ci ilin mart ayında Türkiyəyə qaz ixracına görə birinci yeri tutub və iyul ayınadək liderliyini qoruyub, 2020-ci ilin avqust ayından 2021-ci ilin mart ayınadək ikinci (Rusiyadan sonra), aprel-iyun aylarında üçüncü, iyul ayında dördüncü pillədə qərarlaşıb, avqust ayında isə yenidən 3-cü pilləyə qayıdıb.
Oktyabrda Türkiyəyə 4 milyard 657,29 milyon kubmetr qaz (2020-ci ilin oktyabr ayı ilə müqayisədə artım 15,24%) ixrac edilib. 3 milyard 22,73 milyon kubmetr boru kəməri qazının (bütün ixracın 64,9%-i, azalma 6,9%), 1 milyard 634,56 milyon kubmetr (bütün ixracın 35,1%-i, artım 2,1 dəfə) isə LNG-nin payına düşüb. İxrac 7 ölkədən (Azərbaycan, Rusiya, İran (boru kəmərləri ilə), ABŞ, Əlcəzair, Misir və Nigeriya (LNG)) həyata keçirilib.
Xəbər verildiyi kimi, 2021-ci il aprelin 16-dək Azərbaycan qazının Türkiyəyə nəqli “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-1” və “Mərhələ-2” çərçivəsində müqavilələr əsasında həyata keçirilib. Lakin BOTAS ilə imzalanmış “Mərhələ-1” çərçivəsində qazın alqı-satqı müqaviləsinin müddətinin aprel ayının 16-da bitməsi ilə əlaqədar nəql yalnız “Mərhələ-2” çərçivəsində müqavilə əsasında həyata keçirilib. Cari ilin qalan dövrü ərzində Türkiyəyə qaz ixracının azalması bununla izah olunur.
2021-ci ilin III rübündə tərəflər arasında 2024-cü ilin sonuna qədər Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəql ediləcək 11 milyard kubmetr təbii qazın alqı-satqısı haqqında yeni müqavilə imzalanıb. Müqavilə 2024-cü ilin sonuna qədər (2021-2024-cü illər) “Mərhələ-1” çərçivəsində “Şahdəniz” yatağından ildə 3,5 milyard kubmetr qazın nəqlini nəzərdə tutur. Müqavilə çərçivəsində nəql 2021-ci il oktyabrın 1-dən həyata keçirilir.
2020-ci ildə Azərbaycan Türkiyəyə “Şahdəniz” yatağından hasil edilən 11 milyard 547,99 milyon kubmetr qaz (artım 20,5%) ixrac edib.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,83%), “Petronas” (15,5%), SOCAR (16,67%), “LUKOIL” (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir. “Petronas” şirkəti layihədəki payının satışı ilə bağlı razılığa gəlib. “Lukoil” “Petronas”dan 9,9%, SOCAR 4,35%, BP isə 1,16% pay alacaq. Sövdələşmənin 2022-ci ilin yanvar ayının sonunadək bağlanması planlaşdırılır.
interfax.az