Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə Azərbaycanda əmtəəlik neft və kondensat hasilatı 30 mln 83,1 min ton təşkil etmişdi
Azərbaycan hökuməti 2027-ci ildə ölkədə neft hasilatını 26 milyon 899,2 min ton səviyyəsində proqnozlaşdırır ki, bu da 2024-cü ilə olan proqnoz göstəricisindən 8,8% azdır.
“İnterfaks-Azərbaycan” agentliyi hökumətin proqnozlarına əsasən xəbər verir ki, 2024-2027-ci illər üçün neft və qaz hasilatı göstəriciləri bu şəkildə təxmin edilir:
2024-cü ildə – 29 milyon 492,3 min ton
2025-ci ildə – 28 milyon 298,3 min ton
2026-cı ildə – 27 milyon 477,4 min ton
2027-ci ildə – 26 milyon 899,2 min ton.
Beləliklə, 2024-2027-ci illərdə neft hasilatının azalması, hökumətin təxminlərinə görə, 8,8% təşkil edəcək.
Caspian Barrel isə öz növbəsində bildirir ki, Azərbaycan hökumətinin neft hasilatı ilə bağlı hər il açıqladığı proqnoz göstəriciləri demək olar ki, hər zaman faktiki göstəricilərdən geri qalıb. Hətta ötən ilin oktyabr ayında Milli Məclisə təqdim olunan büdcə paketində 2023-cü il üzrə 30,5 milyin ton neft və kondensat hasilatı proqnozlaşdırılması qeyd olunsa da, 3 ay sonra bunun reallıqda proqnoz göstəricilərindən 400 min tondan çox geridə qaldığı məlum oldu.
Xatırladaq ki, Azərbaycanda neft və kondensat hasilatının zirvə dövrü 2010-cu ildə qeydə alınıb. Həmin il ölkədə 50,8 milyon ton neft və kondensat hasil edilib.