2021-ci ilin yanvar-avqust aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən (nomenklatura kodu 2709) 18 milyon 771 min 176,4 ton neft məhsulları ixrac edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 9,5% azdır.
Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Hesabat dövründə Azərbaycandan $8 milyard 498 milyon 811,15 min dəyərində (artım 25,1%) neft ixrac edilib.
Yanvar-avqust aylarında ixracın ümumi strukturunda neftin payı 65,7% (2020-ci ilin yanvar-avqust aylarında 68,8% – İF) təşkil edib.
“İnterfaks-Azərbaycan” agentliyinin hesablamalarına əsasən, 2021-ci ilin yanvar-avqust aylarında Azərbaycan neftinin bir barelinin orta qiyməti $60,4 təşkil edib.
DGK-nın məlumatına görə, hesabat dövründə İtaliya Azərbaycan neftinin əsas alıcısı olaraq qalıb. 8 ay ərzində neft ixracının 47,6%-i bu ölkənin payına düşüb.
Alıcıların ilk üçlüyünə İtaliya ilə yanaşı, İspaniya və Xorvatiya da daxil olub.
Bütövlükdə, hesabat dövründə Azərbaycan neftinin əsas həcmi Avropa ölkələrinə ixrac edilsə də, İsrail, Çin, Hindistan, Tunis daimi alıcılar olaraq qalır.