SOCAR Rumıniyada yanacaqdoldurma məntəqələri şəbəkəsini genişləndirməkdə davam edir.
AZƏRTAC xəbər verir ki, Rumıniyanın turizm potensiallı bölgəsi olan Braşov şəhərində istifadəyə verilmiş yanacaqdoldurma məntəqəsi bu ölkədə “SOCAR” brendi altında fəaliyyət göstərən 39-cu YDM-dir. Braşov şəhərində müştərilərin ixtiyarına verilən sayca 2-ci YDM-də 3 sayğac quraşdırılmış, burada 4 kiçik avtonəqliyyat vasitəsi və 2 iritutumlu yük maşını eyni anda benzin və dizel yanacaqları ilə təmin ediləcək.
YDM ərazisindəki “Nar” kafedə müştərilərə yerli və Azərbaycan məhsulları, eləcə də pulsuz internet xidməti təqdim olunur. Azərbaycanın Prezidenti İlham Əliyevin “Made in Azerbaijan” brendinin təbliğ edilməsi siyasətinə uyğun olaraq bütün məntəqələrdə Azərbaycan guşəsi yaradılıb və YDM-də ölkəmizdən gətirilən məhsulların satışı həyata keçirilir.
Qeyd edək ki, SOCAR Rumıniyanın artıq 18 regionunda – Botoşan, Suçeava, Nyamts, İaşi, Bihor, Buzau, Bakau, Vrancea, Timiş, İlfov, Kluj, Valcea, Arad, Argeş, Bistritsa-Nasaud, Sibiu, Buxarest və Braşovda yanacaqdoldurma məntəqələrinə malikdir.