logo

Energetika Nazirliyi “Texniki xidmətin nəticəsinə dair aktın forması”nı təsdiqləyib

Views: 95

Energetika Nazirliyi “Qaz təchizatı haqqında” qanuna əsasən hazırlanmış “Texniki xidmətin nəticəsinə dair aktın forması”nı təsdiqləyib.

“Report” bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, nazir Pərviz Şahbazovun sədrliyi, nazirliyin struktur bölmələri və tabeli qurumların nümayəndələrinin iştirakı ilə növbəti kollegiya iclası keçirilib.

Nazir Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlarda energetika sahəsinin inkişafının əsas istiqamətlərinin müəyyənləşdirildiyini, bu istiqamətlərə uyğun olaraq bir sıra strateji vəzifələrin irəli sürüldüyünü qeyd edib. Onun sözlərinə görə, energetika sektorunda əsaslı islahatlara yönəlmiş bu vəzifələrin uğurla yerinə yetirilməsinin ən mühüm şərtlərindən biri müasir çağırışlara cavab verən qanunvericilik bazasının yaradılmasıdır. Ötən dövr ərzində Energetika Nazirliyi bununla bağlı bir sıra işlər görülüb və bu istiqamətdə fəaliyyət məqsədyönlü şəkildə davam etdirilməlidir. Kollegiya iclasında da məhz bu məsələlərin müzakirəsi nəzərdə tutulub.

Daha sonra gündəliyə uyğun olaraq Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nümayəndəsi “Texniki xidmətin nəticəsinə dair aktın forması”nın təsdiq edilməsi haqqında kollegiyanın qərar layihəsini nümayiş etdirib. Akt layihəsinin hazırlanmasına dair görülmüş tədbirlərə dair hesabat təqdim edilib. Aktın tətbiqi proseduru, təsdiq olunduqdan sonra təşviqi və kommunikasiyası kimi məsələlərlə bağlı suallar cavablandırılıb. Aktın tərtib olunmuş formada təsdiq edilməsi qərara alınıb.

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin təmsilçisi isə “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanunun tətbiqindən irəli gələn məsələlərin icra vəziyyəti və görülən işlər barədə məlumat verib, dövlət başçısı və Nazirlər Kabinetinin müvafiq fərman və sərəncamlarından irəli gələn tapşırıqların icrası çərçivəsində hazırlanmış alt qanunvericilik aktları haqqında danışıb.

Daha sonra “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanunun tətbiqindən irəli gələn məsələlər haqqında məruzələr dinlənilib, müzakirələr aparılıb.

Sonda nazir müzakirə edilən məsələlər üzrə atılacaq növbəti addımlar və qarşıya qoyulan vəzifələrin operativ və səmərəli icrası ilə bağlı müvafiq tapşırıqlar verib.

0

Your Cart