İlin əvvəlindən dekabrın 1-dək Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) “Şahdəniz” yatağı üzrə təbii qaz və kondensat satışından əldə etdiyi gəlir 276 milyon dollar olub
Bu barədə AZƏRTAC-a ARDNF-in İctimaiyyətlə əlaqələr departamentindən bildirilib. Qeyd olunub ki, yanvar-oktyabr aylarında Neft Fondunun, o cümlədən “Şahdəniz” üzrə kondensatın satışından əldə olunan gəliri isə 205 milyon dollar təşkil edib.
Xatırladaq ki, ilin əvvəlindən noyabrın 1-dək ARDNF “Şahdəniz” yatağı üzrə təbii qaz və kondensat satışından 276 milyon dollar, yanvar-sentyabr aylarında isə “Şahdəniz” kondensatının satışından 205 milyon dollar qazanmışdı.
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) noyabr ayında “Şahdəniz” yatağı üzrə təbii qaz və kondensat satışından gəlir əldə edilməməsinə aydınlıq gətirib.
AZƏRTAC-ın sorğusuna cavab olaraq ARDNF-in İctimaiyyətlə əlaqələr departamentindən bildirilib ki, “Şahdəniz” yatağı üzrə kondensatın satışı ayda bir dəfə baş verir və satışdan əldə olunan vəsaitlər yalnız növbəti 30 iş günü bitdikdən sonra Neft Fonduna daxil olur. Oktyabr ayı üzrə kondensatın satışı həmin ayın sonuna təsadüf etdiyindən və bu satışdan əldə olunan vəsaitlərin dekabr ayının əvvəllərində ARDNF-ə daxil olması səbəbindən “Şahdəniz” qaz yatağı üzrə noyabr ayı ərzində vəsaitlər dəyişilməyib və ötən ayla eyni qalıb.