Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2021-ci il üçün büdcəsinin gəlirləri 8 milyard 1,2 milyon manat nəzərdə tutulur ki, bu da 2020-ci illə müqayisədə 168,4 milyon manat və ya 2,1 faiz çoxdur
Marja xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə dair İzahatda bildirilir.
Qeyd edilib ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2021-ci il üçün büdcəsinin xərcləri 12 milyard 220,5 milyon manat təşkil edəcəkdir ki, bu da 2020-ci illə müqayisədə 189,5 milyon manat və ya 1,5 faiz azdır.
Beləliklə, Fond qazancından 4 milyard 219.3 milyon manat çox xərcləyəcəkdir, bu da Fondun aktivlərinin azalmasına səbəb ola bilər.
Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin yuxarı həddi 12 milyard 200 milyon manat nəzərdə tutulur.
Mövcud iqtisadi şərait daxilində, cari ilin 30 noyabr tarixinə olan məlumata əsasən, Mərkəzi Bankın valyuta ehtiyatları ilin əvvəli ilə müqayisədə təxminən 2,46 faiz artaraq 6,4 milyard ABŞ dollarına, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri isə ilin əvvəli ilə müqayisədə 0,7 faiz azalaraq 43 milyard ABŞ dollarına bərabər olmuşdur.