Türkmənistan nümayəndə heyəti Avropa Komissiyasının təmsilçiləri ilə Transxəzər qaz kəmərinin tikintisi məsələlərini müzakirə edib.
AZƏRTAC “TDH” dövlət informasiya agentliyinə istinadla xəbər verir ki, Brüsseldə keçirilən müzakirələr zamanı Türkmənistan nümayəndə heyəti Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviçlə danışıqlar aparıb, həmçinin Avropa Komissiyasının enerji məsələləri üzrə baş direktorluğunun nümayəndələri ilə işgüzar görüş keçirib. Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Muradgəldi Meredov oktyabrın 22-də təşkil olunan videoselektor müşavirəsində səfərin yekunları barədə Türkmənistanın dövlət başçısına məlumat verib.
M.Meredov bildirib ki, aparılan danışıqlarda Türkmənistan ilə Avropa İttifaqı (Aİ) arasında energetika sahəsində əməkdaşlıq, tərəfdaşlığın hüquqi bazasının modernləşdirilməsi, Transxəzər qaz kəmərinin tikintisi layihəsinin reallaşdırılması məsələləri müzakirə edilib. Görüşdə Xəzər İnkişaf Korporasiyasının (CDC) fəaliyyət prinsiplərinin bundan sonra da təkmilləşdirilməsi, bu enerji layihəsinin həyata keçirilməsi üzrə işçi qrupunun danışıqlarının davamı, o cümlədən iqtisadi, ekoloji və kommersiya məsələlərinə də toxunulub.
Görüşlərdə Aİ nümayəndələri Transxəzər qaz kəmərinin tikintisinə və Türkmənistan təbii qazının Avropa bazarlarına tədarükünə böyük maraq göstəriblər.
Avropa İttifaqının danışıqlarda iştirak edən nümayəndələri Prezident Qurbanqulu Berdiməhəmmədovun həm Türkmənistanın milli maraqlarına cavab verməsi, həm də qitənin enerji təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından mühüm hesab etdiyi bu layihənin reallaşdırılmasına sərmayələrin cəlb edilməsində kömək etməyə hazır olduqlarını bildiriblər.
Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın qəbul edilməsi sayəsində Xəzər dənizi vasitəsilə qaz kəmərinin çəkilməsinin zəruri hüquqi bazası yaradılıb. İndi bu qaz kəmərinin çəkilməsi üçün yalnız layihənin iştirakçı tərəflərinin razılığı və yüksək beynəlxalq standartlara cavab verən ekoloji ekspertiza tələb olunur.
Transxəzər qaz kəməri layihəsi ildə 30 milyard kubmetr həcmində Türkmənistan təbii qazını ən azı 30 il müddətinə Xəzər dənizinin Türkmənistan sahillərindən ötürülməklə Avropa bazarlarına tədarükünü nəzərdə tutur.