2018-ci ilin avqust ayında Xəzəryanı ölkələrin dövlət başçıları tərəfindən imzalanmış Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya əməkdaşlıq üçün böyük imkanlar açır.
Bunu xarici işlər naziri Elmar Məmmədyarov deyib. “Aktauda böyük uğur əldə etdik. Biz Xəzəryanı ölkələr arasında əməkdaşlıq üçün böyük imkanlar açmağa yardım edəcək konsensus əldə edə bildik”, – deyə o, “Euractiv” nəşrinə müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, Transxəzər qaz kəmərinin çəkilməsi Türkmənistan tərəfinin qərarından asılıdır. «Bu qərar (Transxəzər qaz kəmərinin çəkilməsi – İF) Türkmənistan rəhbərliyindən asılıdır. Xəzərin hüquqi statusu buna imkan verir», – deyə o qeyd edib.
E.Məmmədyarov vurğulayıb ki, yüksək səviyyəli ekoloji ekspertizanın aparılması Xəzər dənizində istənilən iri enerji layihəsi üçün şərtdir. Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində 5 Xəzəryanı ölkənin dövlət başçılarının sammiti Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanması ilə başa çatıb.
Sənədə əsasən, Rusiya, Qazaxıstan, Azərbaycan, Türkmənistan və İranın Xəzərin statusu ilə bağlı mövqelərinin 22 ildir davam edən razılaşdırılması prosesi başa çatıb. Konvensiya bütün iştirakçılar tərəfindən imzalandığı andan etibarən qüvvəyə minir. Sənəd müddətsizdir.