Qarşıdakı 20 il ərzində Azərbaycan təbii (əmtəə) qaz istehsalını 3 dəfə – 55 mlrd. kubmetrədək artıracaq. Bunu Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol deyib.
“Proqnozlarımıza əsasən, Azərbaycanda 20 il ərzində əmtəəlik qaz istehsalı 3 dəfə – hazırki 18 mlrd. kubmetrdən 55 mlrd. kubmetrə qədər artacaq”, – F.Birol bu gün jurnalistlərə bildirib.
Onun sözlərinə görə, “bu, həm ixracatçı ölkə kimi Azərbaycan, həm də idxalçı ölkələr üçün əlverişlidir, çünki respublika siyasəti energetika ilə qatmır”.
F.Birol əlavə edib ki, Azərbaycan regionda və Avropada energetika bazarında vacib oyunçudur. “TANAP və TAP qaz kəmələrinin tikinti layihələri çox mühümdür və qaz tədarükünün şaxələndirilməsinə töhfə verirlər. Bəzi ölkələrdə (İtaliya – red.) TAP layihəsi ilə bağlı bəzi məsələlərin olmasına baxmayaraq, əminəm ki, bu infrastruktur reallaşdırılacaq”, – Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru əlavə edib.
Qeyd etmək lazımdır ki, 2017-ci ildə Azərbaycanda qaz istehsalının ümumi həcmi 28 mlrd. 563,5 mln. kubmetr qaz təşkil edib (azalma 2,6%). Bunun 18 mlrd. 157,9 mln. kubmetri əmtəə qazının payına düşüb (azalma 3%).
Caspian Barrel Beynəlxalq Enerji Agentliyi proqnozlarının nə dərəcədə reallığa uyğun olduğunu nəzərdən keçirib. Fatih Birolun söz açdığı dövr 2035-ci illərdən sonraya təsadüf edəcək. Bu zaman “Şahdəniz-1” layihəsi artıq ömrünü vurmuş olacaq, yəni əvvəllər proqnozlaşdırıldığı kimi buradan 178 mlrd kub metr deyil, 200 mlrd kub metr qaz hasil edilməsini də nəzərə alsaq, artıq həmin layihə üzrə hasilat olmayacaq. Ancaq onun yerini 2030-cu illərdən sonra “Şahdəniz-3” layihəsi tutacaq. Bu layihə üzrə qaz hasilatı “Şahdəniz-2″dən daha çox olacaq. Çünki bazara həm “Şahdəniz-2” layihəsi üzrə stabil qaz həcmlərinin çıxarılmasını təmin etməlidir, həm də o zaman üçün yeni istehlakçılar üçün əlavə qaz həcmləri tələbatını ödəməlidir. Yəni təkcə “Şahdəniz” layihəsi üzrə hasilat həcmləri 30 milyard kub metrə yaxın ola bilər. Abşeron yatağından hasilat o dövr üçün minimal olaraq 6 milyard kub metr təşkil edə bilər. Ümid yatağı üzrə hasilat həcmləri isə 4 milyard kub metr ətrafında stabilləşər. Təqribən 2 milyard kub metr hasilat Bulla yatağından və o qədər də həcmlər SOCAR-ın digər yataqlardan hasil edilə bilər. Həmçinin Qarabağ, Əşrəfi, Dan Ulduğu yataqlarından hasil ediləcək qaz resurslarını da nəzərə almaq gərəkdir. Bundan əlavə Babək və Şəfəq-Asiman kimi qaza perspektivli sayılan strukturların ehtiyatları da nəzərə alınsa, Azərbaycan mübaliğəsiz 2035-cu illər üçün 55-60 milyard kub metr əmtəəlik qaz hasil etmək iqtiranda ola bilər və bu həcmlərdən təqribən 15-16 milyardının daxili bazarda istehlakını nəzərə alsaq (o cümlədən bundan sonrakı 10 ildə ölkənin enerjidən səmərəli istifadə etmək yönümündə böyük addımlar atmasını nəzərə alsaq), onda gələcəkdə Azərbaycanın Qərb istiqamətində ixrac kəmərlərinin yenidən genişləndirilməsinə ehtiyac yaranacaq. Çünki Cənub Qaz Dəhlizinin illik buraxıcılıq gücü 31 milyard kub metrə hesablanıb, Bakı-Tbilisi-Ərzurum isə 7 milyard kub metr qaz ötürə bilir.