Rusiya

Səudiyyə Ərəbistanı və Rusiya neft bazarında koordinasiyaya davam edəcək

Səudiyyə Ərəbistanı və Rusiya neft bazarında koordinasiyaya davam etmək barədə razılığa gəliblər.

AZƏRTAC xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Energetika, Sənaye və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, nazir Xalid Əbdüləziz Al Falih ilə Rusiyanın energetika naziri Aleksandr Novak neft bazarındakı vəziyyəti müzakirə edib, istehsalçılar, istehlakçılar və qlobal iqtisadiyyatın maraqları istiqamətində birgə koordinasiyaya davam etmək barədə razılaşıblar.

Səudiyyəli nazirlə A.Novak mövcud monitorinq müddətinin bu mənada tənzimləməyə ehtiyacı olduğunu və OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyası (JTC) olaraq bilinən OPEC və OPEC+ üzrə komitəni nazirlər səviyyəsindəki OPEC və OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsi (JMMC) tərəfindən dəyərləndirilməsi üzrə uyğun prosesi inkişaf etdirmək və tövsiyə verməyə dair tapşırıqlar verilməsi barədə razılığa gəliblər.

Xatırladaq ki, 2016-cı il noyabrın 30-da Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Həmin il dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Ötən il mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində təşkilata üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub. Noyabrın 30-da isə OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində OPEC-ə üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. OPEC və qeyri-OPEC ölkələrinin bu yeni razılaşmasına Azərbaycan da qoşulub. Gündəlik neft hasilatının 834 min barrel həcmində saxlanmasına dair razılaşma müqabilində Azərbaycan istehsalı sutkada 35 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi ötən müddətdə tam yerinə yetirib.

Bu il iyunun 22-də isə Avstriyanın paytaxtı Vyanada keçirilən OPEC Nazirlər Şurasının 174-cü iclası zamanı OPEC və OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) tövsiyəsi və OPEC Nazirlər Şurasının qərarı ilə OPEC+ üzrə neft hasilatı hədəf olaraq sutkalıq 1 milyon barrel artırılıb. OPEC-ə üzv və qeyri-üzv dövlətlərin nazirlərinin 4-cü görüşündə də hasilat kvotasının 100 faizlik icrası, yəni neft hasilatının sutkada 1 milyon barrel artırılması ilə bağlı razılıq əldə olunub. OPEC və qeyri-OPEC ölkələrinin bu yeni razılaşmasını Azərbaycan da dəstəkləyib.