Rusiya “Türk axını” boru kəmərinin tikintisinə başladı
Rusiyanın “Gazprom” şirkəti mayın 7-də “Türk axını” boru kəmərinin dəniz hissəsinin çəkilişinə başladığını elan edib.
Caspian Barrel şirkətə istinadən bildirir ki, işləri Rusiyanın Qara dəniz sahilində “Audacia” borudüzən gəmi həyata keçirir.
Boru kəmərinin dəniz hissəsində hər iki borunun tikintisini “Audacia” borudüzən gəmi həyata keçirəcək. Podratçı qismində “Allseas” şirkəti çıxış edir. “Audacia” daha sonra microtunellər vasitəsilə sahildən boruların dənizə çəkilişini həyata keçirəcək.
“Türk axını” layihəsi çərçivəsində Qara dənizin dərinsulu hissəsində boruların çəkilişi “Pioneering Spirit” gəmisi vasitəsilə inşa ediləcək.
“Layihə hazırda planlaşdırıldığı kimi həyata keçirilir və 2019-cu ilin sonuna qədər Türkiyə və Avropa istehlakçıları Rusiya qazının idxalı üçün yeni etibarlı marşrut qazanacaq”, – deyə “Gazprom” şirkəti İdarə Heyətinin sədri Aleksey Miller bildirib.
Xatırladaq ki, “Türk axını” nın dəniz hissəsinin uzunluğu təxminən 900 km olacaq: Anapada başlanğıc götürən boru kəməri İstanbuldan 100 kilometr qərbdə sahilə çıxacaq. Borunun çəkilişi zamanı maksimum dərinlik 2200 metr olacaq.
Qaz kəmərinin hər birinin buraxıcılıq gücü ildə 15.75 milyard kub metrdir.
Boru kəməri 2019-cu ilin sonunda istismara verildikdən sonra 2020-ci ildən başlayaraq Türkiyə Rusiya qazının idxalını tam həcmdə heç bir ölkədən tranzit olmadan ala biləcək. Hazırda Türkiyə birbaşa olaraq Rusiya qazını yalnız 2002-ci ildən istismarda olan “Mavi axın” boru xətti ilə idxal edir.Onun gücü ildə 16 mlrd kub metrdir.