Maraqlı Xəbərlər

SOCAR sabahkı qasırğaya qarşı obyektlərində tədbirlər görüb -yenilənib

Martın 31-də Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin xəbərdarlığından sonra Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dənizdəki obyektlərində bütün zəruri tədbirlər görülüb, müvafiq təlimatlar verilib.

Bunu “Report”a SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev deyib.

O qeyd edib ki, dənizdəki obyektlərlə əlaqə saxlanılıb, lazımi tapşırıqlar verilib: “Martın 31-də təhlükəli hesab olunan işlər dayandırılacaq. Tikinti, təmir, qazma və xidmət sahələrində işlər aparılmayacaq. Artıq bu sahələrdə çalışan əməkdaşların özüllərdən çıxarılmasına başlanılıb. Yalnız quyulara nəzarət işləri həyata keçiriləcək. Özüllərdə əlavə personal olmayacaq”, – deyə SOCAR-ın mətbuat xidmətinin rəhbəri əlavə edib.

Caspian Barrel öz növbəsində “Azneft” İstehsalat Birliyinə istinadən xəbər veruir ki, 31 Mart – 1 Aprel tarixlərində hava şəraitinin kəskin pisləşəcəyi, açıq dənizdə arabir 35-38 m/s-dək küləyin olması gözlənilir.

“Azneft” bildiri ki, fırtına ilə bağlı təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə, İB-nin bütün işçilərinə təlimatlar verilib. Qəza və fəsadların baş verməməsi üçün növbədə olan zəruri işçilərdən başqa, bütün həmkarlarımız estakada və neft-qaz yığım məntəqələrindən təxliyyə edilib. Birliyin struktur təşkilatlarında həmin günlərdə növbətçilik təşkil olunub.

Bundan əlavə, dəniz neft-qazçıxarma obyektlərində işçilərin gediş-gəlişi məhdudlaşdırılıb, qaldırıcı qurğular təhlükəsiz vəziyyətə gətirilərək, işləri dayandırılıb, kəskin hava şəraitində təhlükə yarada bilən işlərin görülməsi qadağan edilib.