Azərbaycan

Bu il Şahdəniz-2 layihəsində sınaq rejimində qaz nəql ediləcək

BP və tərəfdaşları bu il “Şahdəniz” yatağından genişləndirlmiş Cənubi Qafqaz boru kəməri sistemi ilə sınaq rejimində qaz nəql edəcəklər.

“BP-Azerbaijan” şirkəti 2017-ci ilin sonunda ilk qazı “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” çərçivəsində Azərbaycan ərazisində inşa edilən qaz ixrac sisteminə buraxmağı planlaşdırır. Bu barədə jurnalistlərə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrel məlumat verib.

Q.Birrel bildirib ki, Azərbaycan və Gürcüstan ərazilərində Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi üzrə işlərin 93 faizindən çoxu başa çatıb.

“Hazırda “Şahdəniz” yatağının ikinci mərhələsinin reallaşdırılması üzrə tikinti işlərinin 90%-dən çoxu yerinə yetirilib. 2017-ci ilin sonunda qazın sistemə buraxılmasına başlanılacaq və bu, test xarakterli olacaq. Gələn ilin II yarısında isə “Mərhələ-2” çərçivəsində qazın Türkiyəyə ixracına başlanılacaq”, – deyə o bildirib.

Q.Birrelin sözlərinə görə, Trans-Adriatik qaz kəmərinin inşası başa çatdıqdan sonra “Şahdəniz” yatağından hasil olunan qaz Avropaya ixrac ediləcək.

BP rəsmisi qeyd edib ki, “Mərhələ-2” çərçivəsində 12 quyu qazılıb. Bunlar “Şahdəniz” yatağından hasilata və ixraca başlamağa kifayət edir. İkinci mərhələnin reallaşdırılması çərçivəsində “BP-Azerbaijan” şirkətinin və onun layihə üzrə tərəfdaşlarının xərcləri $15 mlrd. təşkil edib”, – deyə o vurğulayıb.