bp neft universitetinə nəşriyyat evi hədiyyə etdi
Bu gün bp Azərbaycanın neft-qaz sahəsində ən qədim təhsil ocağı və postsovet məkanında ən nüfuzlu energetika universiteti olan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə tam təchiz olunmuş müasir nəşriyyat evi hədiyyə edib. Bununla bağlı universitetdə nəşriyyat evinin açılışı tədbiri keçirilib.
“Biz Azərbaycanla 30 illik tərəfdaşlığımızın ilk günündən Neft və Sənaye Universiteti ilə sıx əməkdaşlıq edirik. Bu müasir nəşriyyat evinin istifadəyə verilməsindən çox məmnunuq və inanırıq ki, bu, professor-müəllim heyətinin və tələbələrin elmi-tədqiqat fəaliyyətlərinə təkan verəcək. Biz həmçinin ümid edirik ki, nəşriyyat evi 10 mindən çox tələbə və 800 nəfərlik professor-müəllim heyətinə fayda gətirməklə universitetin çap və nəşr ehtiyaclarını tam təmin edəcək”, deyə Caspian Barrel “bp-Azərbaycan” şirkətinin yaydığı məlumata istinadən xəbər verir.
Bəxtiyar Aslanbəyli, bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti:
Layihə yerli universitetlərdə təhsil və elmi-tədqiqat fəaliyyətinin keyfiyyətinin artırılması, tədris infrastrukturunun təkmilləşdirilməsi, aparıcı beynəlxalq universitetlərlə tərəfdaşlıq əlaqələrinin qurulması və qabaqcıl beynəlxalq təhsil təcrübəsi və imkanlarının Azərbaycana gətirilməsi səylərinə bp-nin dəstəyinin bir hissəsidir.
Layihənin ümumi dəyəri təxminən 370 min manat təşkil edir və buraya nəşriyyat və çap avadanlıqlarının alınması, çatdırılması və quraşdırılması, eləcə də obyektin işə salınması üzrə xərclər daxildir.
Qeyd: Azərbaycanda bp şirkətində təxminən 2270 Azərbaycan vətəndaşı çalışır və bu da, şirkətin ixtisaslı işçi heyətinin 90 faizini təşkil edir.