logo

Yanvarda TAP ilə İtaliyaya 340 milyon kubmetr Azərbaycan qazı idxal edilib

Views: 89

Cari ilin yanvar ayında TAP ilə İtaliyaya 340 milyon kubmetr qaz idxal edilib. Bunu İtaliyanın İqtisadi İnkişaf Nazirliyinin infrastruktur və enerji sistemləri üzrə baş direktoru Gilberto Diyaluçe deyib

TAP ilə İtaliyaya qaz ixracına 2020-ci il dekabrın 31-də başlanılıb.

“Axın həcmi gündəlik təxminən 11 milyon kubmetr təşkil edir. Yanvarda TAP ilə İtaliyaya 340 milyon kubmetr qaz idxal edilmişdir. Onun təxminən 70 milyon kubmetri revers axın formasında interkonnektor nöqtəsi ilə Avropaya ixrac olunmuşdur”, – deyə o, bu gün Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında çıxışı zamanı bildirib.

G.Diyaluçe əlavə edib ki, Cənub Qaz Dəhlizinin açılışı artıq reallıqdır və o, qaz təchizatının təhlükəsizliyini və şaxələndirilməsini təmin edir.

Trans-Adriatik boru kəmərinin tikintisi üzrə konsorsium 2020-ci il oktyabr ayının 13-də qaz kəmərinin tikintisinin başa çatdığını elan edib. TAP-ın ümumi uzunluğu 878 km təşkil edir, bunun 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniyadan, 105 km-i Adriatik dənizindən, 8 km-i isə İtaliya ərazisindən keçir. TAP Azərbaycan qazının Avropaya nəqli üçün infrastrukturun yaradılmasını nəzərdə tutan CQD layihəsinin sonuncu komponentidir.

Qaz kəməri “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından hasil edilən 10 milyard kubmetr təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur. Kəmərin ötürmə qabiliyyəti onun gücünü iki dəfə – ildə 20 milyard kubmetrə qədər artırmağa imkan verir.

Layihənin səhmdarları SOCAR (20%), BP (20%), “Snam” (20%), “Fluxys” (19%), “Enagas” (16%) və “Axpo” (5%) şirkətləridir. Layihənin dəyəri 4,5 milyard avrodur. TAP-ın təməlatma mərasimi 17 may 2016-cı il tarixində Yunanıstanda keçirilib.

interfax

0

Your Cart