SOCAR İstiqrazları köşkləri fəaliyyətlərini müvəqqəti dayandırır
Koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması məqsədilə, ölkə miqyasında görülən tədbirlər çərçivəsində 22 iyun 2020-ci il tarixindən etibarən 2 həftə müddətində “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərinin fəaliyyəti xüsusi iş rejimində davam edəcəyi üçün, digər funksional yardımçı xidmətlərlə birlikdə SOCAR İstiqrazları köşkləri də fəaliyyətlərini müvəqqəti olaraq dayandırır.
“SOCAR Capital” şirkətindən “Report”a verilən məlumata görə, *1999 istiqraz çağrı nömrəsi 7/24 vətəndaşların və investorların xidmətindədir.
“SOCAR İstiqrazları ilə bağlı istənilən sual və müraciətlərinizi məmnuniyyətlə cavablandırmağa hazırıq.
Xatırlatmaq istərdik ki, SOCAR İstiqrazları üzrə növbəti rüblük faiz ödənişi qrafikə uyğun şəkildə cari ilin 17 iyul tarixində baş tutacaqdır”, – deyə məlumatda qeyd olunub.
“SOCAR Capital” şirkətinin məlumatında bildirilir ki, SOCAR İstiqrazları SOCAR tərəfindən 2016-cı ildə dollarda buraxılmış qiymətli kağızdır.
Nominal qiyməti 1000 (min) ABŞ dolları olan SOCAR İstiqrazları vətəndaşlara maliyyə alətləri bazarında tamamilə yeni alternativ yatırım imkanı yaratmaqla, bazarda indiyədək olmayan sərfəli şərtlərlə – 100 milyon dollar həcmində, illik 5% gəlirliliklə, 5 illik müddətə buraxılıb.
SOCAR İstiqrazları üzrə faizlər hər 3 aydan bir olmaqla ildə 4 dəfə ödənilir.
Azərbaycanda ilk dəfə olaraq tətbiq olunan SOCAR-ın geri alma zəmanəti ilə istiqrazı istənilən vaxt pula deyişmək olar və onun qiyməti heç vaxt 1000 ABŞ dollarından aşağı enmir.