“BP-Azerbaijan” Şahdəniz yatağından hasilatı bərpa edib
“BP-Azerbaijan” şirkəti platformadakı profilaktik işlərin həyata keçirilməsindən sonra “Şahdəniz” yatağından qaz və kondensat hasilatını bərpa edib.
“Şahdəniz” yatağından qaz və kondensat hasilatı profilaktik işlər proqramının həyata keçirilməsi ilə əlaqədar avqustun 14-dən etibarən 14 gün müddətinə dayandırılmışdı. İşlər uğurla başa çatıb və platformadan hasilat bu gün bərpa olunub. Platforma və “Şahdəniz” layihəsi çərçivəsində Səngəçal terminalında fəaliyyət göstərən obyektlər bu gündən tam gücü ilə işləyir”, – deyə “BP-Azerbaijan” şirkətindən məlumat bildirlər.
“Şahdəniz” yatağından hasil olunan qazın Cənubi Qafqaz Boru Kəməri ilə Gürcüstana və Türkiyəyə ixracı da bərpa olunub.
Qeyd edək ki, profilaktik işlər proqramı “Şahdəniz Mərhələ 1” (Alfa) platformasında, Səngəçal terminalındakı “Şahdəniz” qurğularında və Cənubi Qafqaz Boru Kəməri sistemində həyata keçirilib.
Hazırda “Şahdəniz” yatağında mövcud hasilat sisteminin maksimal gücü sutkada 30 mln. kubmetr qaz və ya ildə 10,9 mlrd. kubmetr qaz təşkil edir. 2017-ci ilin I yarısında “BP-Azerbaijan” yataqdan 5,4 mlrd. kubmetr qaz və 1,2 mln. ton kondensat hasil edib.
2016-cı ildə “Şahdəniz” yatağından 10,7 mlrd. kubmetr qaz və2,5 mln. ton kondensat hasil olunub.