Trans-Adriatik Boru Kəmərinin (TAP) yeni uzunmüddətli ötürücülük imkanları 2025-ci ilin sonunda əlçatan olacaq.
Bu barədə TAP-ın icraçı direktoru Luka Skyepatti Trend-ə eksklüziv müsahibəsində deyib.
“Boru kəmərinin ötürücülük qabiliyyətinin artırılması üzrə bazar testinin yekunlarına əsasən, 2026-cı ilin dekabrından 2028-ci ilin dekabrına qədər ildə əlavə olaraq 1,2 milyard kubmetr qaz nəql olunması, ikinci partiyanın isə 2026-cı ilin oktyabrından 2033-cü ilin sentyabrına qədər tədarükü istənilib. 2025-ci ilin sonlarında əlçatan olacaq bu yeni uzunmüddətli ötürücülük imkanları üzrə hazırda sazişlər imzalamaqdayıq. Bu həcmin 1 milyard kubmetri İtaliyanın payına düşür, 200 milyon kubmetr isə Albaniyaya tədarük olunacaq”, – o açıqlayıb.
Qeyd edək ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP vasitəsilə hər il İtaliyaya səkkiz milyard kubmetr, Yunanıstan və Bolqarıstanın hər birinə isə bir milyard kubmetr həcmində qaz nəql olunur.
31 dekabr 2020-ci ildə Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəqli başladılıb. Azərbaycan tarixdə ilk dəfə öz təbii qazını boru kəmərləri ilə Avropa bazarına çıxarıb. Dünyada təbii qazın ən iri idxalçısı olan Avropa bazarına birbaşa çıxışla Azərbaycan öz ixrac imkanlarını diversifikasiyalaşdırıb.