“Azəriqaz” rəhbəri: gecə-gündüz tarifinə keçmək üçün ilk növbədə sayğaclar “ağıllı” olmalıdır
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin “Report” agentliyinə müsahibəsi:
– Ruslan müəllim, bu gün Azərbaycanın qaz təsərrüfatının əsas problemi nədir? “Azəriqaz”a daha yaxşı işləməyə nə imkan vermir?
– Mən problem dedikdə ancaq texniki problemlərin olmasını deyə bilərəm. Daha şəffaf işləməyimiz üçün digər problemlərin həlli öz əlimizdədir. Bu gün “Azəriqaz” İB-nin daha şəffaf fəaliyyətini həyata keçirmək üçün heç bir maneə yoxdur. Bu gün “Azəriqaz” İstehsalat Birliyinin daha şəffaf işləməsi üçün istər Azərbaycan Prezidenti, istərsə də SOCAR tərəfindən bütün lazımi şərait yaradılıb və heç bir maneə yoxdur. Amma texniki məsələlərin həlli üçün müəyyən vaxt lazımdır.
– “Azəriqaz”ın daha şəffaf fəaliyyət göstərməsi üçün yaranan texniki məsələlər hansılardır?
– Biz qaz kəmərlərinin yenilənməsi və yeni dairəvi sistemin qurulması ilə bağlı işlər görürük. Bilirsiniz ki, bəzi hallarda qış aylarında müəyyən problemlər yaşayırıq. Çünki bizdə Bakı ərazisində şəbəkənin 10 %-i yeni dairəvi sistem ilə əhatə edilib. Amma şəbəkənin digər hissəsinin dairəvi sistemdə olmaması bizə maneə yaradır. Hər hansı qəza baş verdikdə və yaxud təmir işləri aparıldıqda qazın verilişinin dayandırılması kütləvi sayda abonentin qaz təchizatında müvəqqəti fasilənin yaranmasına səbəb olur. Amma dairəvi sistem olsa, biz həmin qəza yerini lokallaşdıra bilərik və hər hansı hadisə zamanı maksimum 500-1 000 abonent qazsız qala bilər. Ancaq hazırda baş verən qəza hallarında bir də görürsən ki, 60-70 min abonent qazsız qalır. Bu da bizim ümumi iş fəaliyyətimizə təsir göstərir. Təbii ki, bu da müəyyən vaxt tələb edən bir prosesdir. Hətta vəsait olsa da belə, bunu 1-2 il ərzində həll etmək mümkün deyil. Bu, hissə-hissə həyata keçirilməlidir. Çünki Bakı şəhərində həyat davam etdiyi halda, bu işləri həyata keçirmək çətinlik yarada bilər. Amma bununla belə, artıq bu işlərə start verilib. Düşünürük ki, dairəvi sistemin qurulması və digər işlərin həlli yaxın 5 ildə tam yekunlaşacaq.
– İllər əvvəl belə bir məlumat verilmişdi ki, ölkənin bütün qaz infrastrukturunun yenilənməsi üçün 6 milyard manat vəsait tələb olunur. Sizcə, bu gün ölkənin bütün qaz infrastrukturunu yeniləmək üçün nə qədər vəsait tələb oluna bilər? Belə bir hesablamalarınız varmı?
– Ümumi qaz infrastrukturunun yenilənməsi ilə bağlı “Azəriqaz” İstehsalat Birliyi hər il bir çox işlər görür. “Azəriqaz” İB-nin təmir və tikinti planları mövcuddur və burada da paralel işlər görülür. Hər il bu işlərlə bağlı xeyli irəliləyişlər var. Nəzərə alsaq ki, bu gün “Azəriqaz” İstehsalat Birliyinin qaz şəbəkəsini 10 ballıq sistemlə qiymətləndirsək, bizim qaz şəbəkəsi 7 ballıqdır. Yəni, İstehsalat Birliyinin qaz şəbəkəsini 7 balla qiymətləndirmək olar. Buna nail olmaq üçün də çox böyük işlər görülüb. “Azəriqaz” İstehsalat Birliyi SOCAR-ın tərkibinə keçdikdən sonra, 2009-cu ildən bəri infrastrukturun yenilənməsi ilə bağlı çox böyük işlər görülüb. Bu gün “Azəriqaz”da sayğaclaşma 100 %-dir. Bu da satışın daha düzgün və şəffaf təmin edilməsi deməkdir.
– Ruslan müəllim, qaz itkilərini ümumiyyətlə, sıfıra çatdırmaq mümkündürmü? Bu nə dərəcədə realdır? Dünyada belə bir təcrübə varmı?
– Ümumiyyətlə, texniki cəhətdən bu mümkünsüzdür. Biz bu gün 400 qəbul nöqtəsindən qaz qəbul edirik. Bu qazın 2 milyon 500 min nöqtədə satışını həyata keçiririk. Sayğacın özündə baş verən xəta bu itkinin sıfır olmasını edə bilməz. Hətta deyərdim ki, qazın verilişində yüksək təzyiqdən abonentə çatana qədər ümumilikdə 3 dəfə təzyiq dəyişikliyi baş verir. Qaz da canlı bir maddədir. Hər dəfə qazın temperatur və sıxlığında dəyişiklik olanda son nəticədə qazın həcminin dəyişməsinə təsir göstərir. Bu gün “Azəriqaz” İB-nin 400 nöqtədən aldığı qazın tam itkisiz satışının həyata keçirilməsi dünya təcrübəsində belə yoxdur.
– Qaz itkisi ilə bağlı hər hansısa norma varmı?
– Dünya təcrübəsində qəbul olunan itki müxtəlif rəqəmlərlə ölçülür. Götürülən 2,5-5 % arasında itki rəqəmi normal şəbəkə sistemidir. “Azəriqaz” İstehsalat Birliyinin laboratoriyalar sınaqlarından çıxan sayğaclarında xəta həddi +3-ə qədər icazə verilir. Əgər buna icazə verilirsə, sayğacın özündə 3 %-ə qədər xəta olması, 3 %-ə qədər itkinin olması deməkdir. Şəbəkənin texniki istismarı və paylanılmasında “Azəriqaz” İstehsalat Birliyindən asılı olmayaraq baş verən qəzalar və digər birləşmələr, sızmalar, həmçinin digər texniki məsələlər sonda bu gün sıfır itki ilə qaz təminatını həyata keçirmək mümkünsüzdür. Dünya təcrübəsində belə bir hal yoxdur.
– “Azəriqaz” da “Azərişıq” kimi gecə-gündüz tarifinə keçə bilərmi? Ümumiyyətlə, bu mümkündürmü və bununla hər hansı planlar varmı?
– Bu gün “Azəriqaz” İstehsalat Birliyinin buna texniki imkanı yoxdur. Buna ilk növbədə sayğaclar imkan verməlidir. Biz ancaq bu gün hələlik illik limit ətrafında bu işləri həyata keçirə bilirik. Gecə-gündüz tarifinə keçmək üçün ilk növbədə sayğaclar “ağıllı” olmalıdır və onlardan kənardan onlayn məlumat götürülməlidir. Belə çıxır ki, biz hər gün sayğacların oxunuşunu həyata keçirməliyik? Bunun üçün səhər də, axşam da sayğaclar oxunmalıdır. Bu da mümkünsüz bir haldır. Hazırda buna keçid üçün texniki hazırlıq da yoxdur. Hələlik mövcud tariflə satışı həyata keçiririk.
– “Ağıllı sayğac”ların quraşdırılması ilə bağlı işlər necə gedir?
– Artıq 50 minə yaxın sayğac sistemə salınıb. Hazırda adi mexaniki tipli sayğacın üzərində “ağıllı” qurğu quraşdırılır. Onun kənardan oxunuşu və qazın verilişinin dayandırılması artıq təcrübəmizdə var. Biz 2021-ci ildə “pilot layihə” kimi bu işlərə başlamışdıq. Artıq bu sistem istismara verilib. Bu il isə biz bu sistemi daha da genişləndirmək istəyirik. SOCAR rəhbərliyi ilə ilkin razılaşma da var. Düşünürük ki, bu il 300 min abonentin sayğacı “ağıllı” smart qurğularla təmin ediləcək.
– Əhalinin böyük əksəriyyəti öncədən ödənişli sayğaclarının olmasını istəyir. Ancaq “Azəriqaz” bu cür smart tipli sayğacları sonradan ödənişli mexaniki sayğaclarla dəyişir. Olmazmı ki, elə dövri yoxlama müddəti çatmış sayğaclar elə smart tipli sayğaclarla əvəz edilsin?
– Söhbət ondan gedir ki, smart tipli sayğaclarda biz balans edə bilmirik. Çünki abonentin ödəniş sistemi sayğacın üzərində olmur. Abonent qaz pulunu hər hansı ödəniş sistemində ödəniş edirsə, artıq o həcmdə alınan təbii qaza ödənilən qazın pulu “Azəriqaz” istehsalat Birliyinin sistemində istifadə edilmiş qaz həcmləri kimi göstərir. Amma əslində, abonent həmin smart karta yüklədiyi qazın həcmlərini gətirib sayğaca yükləyəcək, sayğacda onu 1-2 aya istifadə edəcək. “Azəriqaz” abonentin sayğacında o sərfiyyətı görə bilmir. Çünki bu sayğaclar “offline” rejimindədir. Bütün dünya artıq “offline” rejimdən “online” rejiminə keçib. Qurğular “online” rejimə keçirsə, biz niyə “offline” rejimdə qalmalıyıq. Bunun üçün də “Azəriqaz” hazırda mexaniki sayğaclar üzərinə quraşdıracağı “ağıllı” qurğu ilə sayğacları “online” rejimə keçirəcək.
– Amma “Azəriqaz”ın smart tipli sayğacları mexaniki sayğaclarla əvəz edilməsi əhalidə belə bir fikir formalaşdırdı ki, qurum tərəfindən bununla da fırıldaq etmək üçün imkan yaranır…
– Deməzdim. Artıq sosial şəbəkələrdə bu mövzu səngiyib. “Azəriqaz” İB bununla bağlı maarifləndirmə işləri apardı, aksiyalar keçirdi. “Azəriqaz” İstehsalat Birliyi yanında İctimai Şura bu məsələni gündəmə gətirdi. Birlik tərəfindən xeyli sayda abonentin sayğacı çıxarıldı. İndiyə kimi, heç bir fakt yoxdur ki, hər hansı fırıldaq olsun. Nə fırıldaq ola bilər? Abonentin istifadə etdiyi qazla bağlı ona bildiriş verilir. Bildirişdə sayğacın göstəricisi əks olunur, burada hansı “maxinasiyadan” söhbət gedə bilər. Bunun bir cavabı var. Sadəcə biz artıq “online” sayğaclara keçid edirik. “Online” sayğaclar isə smart tipli sayğacların üzərində qurulmur. Burada mexaniki sayğaclar üzərində smart qurğular quraşdırılır.
– “Azəriqaz” Gəncə Cihazqayırma Zavodu ilə Anlaşma Memorandumu imzalayıb. Bu il neçə abonentin sayğacı bu zavodda istehsal edilən sayğacla əvəzlənəcək. Bu proses artıq başlanılıbmı?
– Anlaşma Memorandumu imzalanıb, amma bu o demək deyil ki, biz bu zavoddan sayğac satınalması həyata keçirəcəyik. Satınalma üçün xüsusi qaydalar var və açıq tender keçiriləcək. Yaxın 2-3 ay ərzində açıq tender keçiriləcək. Bu tender SOCAR tərəfindən keçiriləcək. Elan ediləcək tenderdə Gəncə Cihazqayırma Zavodu da digər təşkilatlar kimi satınalmada iştirak edəcək. Bu tenderin qalibi ictimaiyyətə elan ediləcək. Məhz bu tenderdən sonra məlum olacaq ki, növbəti 1 ili hansı tip sayğacla işləyəcəyik.
– Qarabağda və ümumiyyətlə bütün işğaldan azad olunmuş ərazilərdə qazlaşdırma işlərinə nə zaman başlanılacaq? Belə deyək ki, orada ilk qazımız nə vaxt yandırılacaq?
– İşğaldan azad edilmiş ərazilərin qazlaşdırılması ilə bağlı ümumi proqram hazırlanır. Ancaq bu, o demək deyil ki, biz dərhal qazlaşdırmanı başlayacağıq. Konkret olaraq, bu gün işə başlanılması ilə bağlı qərar yoxdur. Bu gün ancaq layihələndirmə işləri aparılır. Bu layihələndirmə də Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılır. Bu günlərdə Prezident Administrasiyasında bununla bağlı iclas da keçirilib. Bu iclasda bu bölgədə bütün kommunikasiyaların və dövlət qurumlarının fəaliyyəti ilə bağlı məlumatlar verilib. O cümlədən, “Azəriqaz” İstehsalat Birliyi özü məlumatlarını verib. Biz artıq işə başlanılması ilə bağlı qərar gözləyirik. Nə zaman qərar veriləcəksə, biz də işə başlamağa hazırıq.
– Bir zamanlar “Azəriqaz”ın müxtəlif istixana sahibləri ilə yaranmış problemləri nə yerdədir? Bu gün ümumilikdə istixana təsərrüfatlarının “Azəriqaz”a nə qədər borcu var?
– Açığını deyim ki, biz mövsümün əvvəlində və mövsümün sonunda istixanalara müəyyən güzəştlər etdik. Bu gün istixanalarla bağlı ciddi problemimiz yoxdur. Bu il istixanaların sərf etdikləri qazın ödənişi ilə bağlı biz də öz mövqeyimizi ciddiləşdirdik. Əvvəlki illərdə elə istixana sahibləri olurdu ki, mövsüm bitəndə ödənişi edəcəyəm deyib, amma ödəmədilər. Bu il istixanalara güzəşt etmədik. Bu səbəbdən də 2021-2022-ci il mövsümündə istixanalarla bağlı elə də ciddi problemimiz yoxdur.
– Ruslan müəllim, qardaş Türkiyədə belə bir şey var ki, qaz satışı həyata keçirən şirkətlər əhali arasında daha az qaz istehlak edən və daha çox qaz istifadə edən sənaye müəssisələri üçün müəyyən kampaniyalar həyata keçirirlər. Bu, təbii ki, öz növbəsində əhali abonentinin daha çox qaz sərf etməsinə stimul verir. Eyni zamanda, sənayenin daha çox qaz istehlak edərək daha çox və qiyməti ucuz məhsul istifadə etməsinə şərait yaradır. Nə zamansa, “Azəriqaz” İstehsalat Birliyinin ölkədə belə kampaniyalar həyata keçirməsi mümkündürmü?
– Bilirsiniz ki, “Azəriqaz” İstehsalat Birliyi qazın satışı ilə bağlı inhisarçı təşkilatdır. Ancaq qazın pərakəndə satışı ilə bağlı yalnız “Azəriqaz”a nöqtəyi-nəzərdən baxmaq düzgün olmazdı. Buna bir qaz səbəti kimi baxdıqda, burda qazı hasil edən, qazın topdansatışını həyata keçirən və qazın əhaliyə pərakəndə satışını həyata keçirən təşkilatlar mövcuddur. Bütün bunlar bir-birinə bağlı məsələlərdir. Bu gün “Azəriqaz” İstehsalat Birliyi nəyəsə güzəşt edəcəksə, bunu topdansatışı həyata keçirən də nəzərə almalıdır. Topdansatışı həyata keçirən təşkilat nəyisə nəzərə alırsa, bunu qazı hasil edən təşkilat da nəzərə almalıdır. Bunun üçün də bu halqanın birtərəfli olması mümkün deyil. Müvafiq Tarif Şurasında bu məsələyə səbət kimi baxılır və burada heç bir tərəf – nə əhaliyə pərakəndə satışı, nə topdansatışı həyata keçirən, nə də ki, hasilat edən şirkət zərər çəkməsin. Bunun üçün də “Azəriqaz” İB-nin hər hansı güzəştə getməsindən topdansatışı həyata keçirən təşkilat zərər çəkə bilər.
-“Azəriqaz” hər həftə sahibkarlarla müxtəlif görüşlər keçirir. Sahibkarlar üçün bu cür görüşlərin faydası nədir? “Azəriqaz” bu görüşlərdən nə qazanır?
– “Azəriqaz”ın sahibkarlarla və ümumiyyətlə abonentlərlə keçirdiyi görüşlərin bizə faydası odur ki, bu gün “Azəriqaz”dan üst qurumlara “Azəriqaz”la bağlı olan şikayətlərin sayına baxsaq, bu ilin dörd ayı ilə ötən ilin 4 ayını, hətta daha əvvəlki dövrləri müqayisə etsək, 10 dəfəyə yaxın azalmanın şahidi olarıq. “Açıq mikrofon” aksiyalarında biz özümüz sahibkarların və sakinlərin şikayətlərini dinləyirik. Bəzən elə problem olur ki, orada sahibkarı sadəcə maarifləndirmək lazımdır. Bu maarifləndirmə olmadığı üçün o, bunu problem kimi qabardırdı. Əvvəllər həmin problemi bildirmək üçün rəhbər şəxslərə əlçatanlığın olmaması səbəbindən, onlar bizdən üst qurumlara müraciət və şikayətlər edirdi. Bu da bizim imicimizə xələl yetirirdi. Amma biz “Açıq mikrofon” aksiyalarını keçiririk, bu bizim işimizin səmərəliliyini artırır.
Bilirsiniz ki, “Azəriqaz” İstehsalat Birliyinin “Başdan ayağa” adlı aksiyası da var. Bu aksiyanın əsas məqsədi “Azəriqaz”ın rəhbər şəxslərinin abonentin ayağına gedərək onun problemlərini aradan qaldırmasıdır. Biri var ki, “Azəriqaz”ın Qəza xidməti və ya digər şöbələrinin əməkdaşları mövcud problemləri eşitsin, ola bilsin ki, problemlərin müəyyən hissəsini heç rəhbərliyə çatdırmasın. Ancaq bu aksiyanın məqsədi odur ki, rəhbər şəxs özü gedib reallıqda abonentin narazı olduğu sahələri öz gözü ilə görsün, eşitsin. Bu bir növ həm də böyük təbliğat işidir və SOCAR “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyinin işçilərinə abonentlə davranış qaydalarının hansı formada aparılmasına nəzarətidir. Bunun üçün də bu aksiyalar davamlı olacaq. Bundan başqa, “Azəriqaz” İB qazdan istifadə qaydaları, dəm qazı və partlayışlarla bağlı abonentlərin maariflənmə aksiyalarına da başlayıb. Bu aksiyalarımız məşhur simaların iştirakı ilə həyata keçirilir. Məqsəd odur ki, vətəndaşlar payız-qış mövsümü başladıqda dəm qazından və partlayışdan əziyyət çəkməsinlər.
– Ruslan müəllim, son sualımızı da verək. Bu ayın əvvəlindən “Azəriqaz” İstehsalat Birliyi diaqnostika işlərinə başlayıbmı artıq?
– Bu gün mətbuatda da belə məlumatlar yayımlanıb ki, guya mayın 1-dən “Azəriqaz” istehsalat Birliyi artıq diaqnostika işlərinə başlayıb. Xeyir, bu belə deyil. Hələlik diaqnostika işlərinə başlanılmayıb. Bununla bağlı Prezident Fərmanında konkret məsələlər qoyulub. Bunun üçün xüsusi qaydalar olmalıdır və bu qaydalar qurumlar tərəfindən birgə hazırlanmalıdır. Artıq bununla bağlı proses gedir və proses başa çatdıqdan sonda “Azəriqaz” İB fəaliyyətə başlayacaq. Hələlik bu qaydalar “Azəriqaz” İstehsalat Birliyinə təqdim olunmadığı üçün biz bu fəaliyyətə başlaya bilmirik. Çünki əlimizdə heç bir sənəd yoxdur.