Rusiya və Ukrayna arasındakı hərbi münaqişə artıq koronavirus pandemiyasının təzyiqi altında olan qlobal təchizat zəncirlərinə yeni zərbə vurur
Caspian Barrel “The New York Times” qəzetinə istinadən xəbər verir ki, nəticədə bu hallar dünyanın bir hissəsindən digər hissələrinə məhsul göndərməyə çalışan şirkətlər üçün növbəti qiymət artımı, çatdırılma gecikmələri və digər uğursuzluqlara gətirib çıxarır.
Vəziyyət metalların, kənd təsərrüfatı məhsulları və digər malların qlobal tədarükünü təhdid edir, həmçinin Avropa, Ukrayna və Rusiyadakı müəssisələrin bağlanmasına səbəb ola bilər. Mövcud şəraitdə müşahidə olunan enerji qiymətlərinin bahalaşması malların tədarükü xərclərinin daha da artması deməkdir.
Rusiya-Ukrayna hərbi münaqişəsi Sovet zamanındakı “soyuq müharibə”dən sonra ən böyük iqtisadiyyatlardan birinə tətbiq edilən ən masştablı sanksiyalar fonunda Rusiya ilə ticarət əlaqələrini kəsən qlobal şirkətlər arasında rəqabətin küfayət qədər güclənməsinə də səbəb ola bilər.
Qlobal təchizat zəncirlərindən istifadə edən şirkətlər üçün malların tədarükündə fasilələr, gecikmələr və qiymət artımları iki ildən artıqdır müşahidə olunur. Rusiya və Ukrayna münaqişəsinin iqtisadi nəticələri və bununla bağlı tətbiq edilən sanksiyalar hələ aydın olmasa da, bir çox sənaye sahələrinin nümayəndələri vəziyyətin daha da pisləşəcəyinə hazırlaşır.
“Greenberg Traurig”-də hüquqşünas Laura Rabinoviç deyir: “Qlobal təchizat zəncirləri pandemiya səbəbindən artıq əziyyət çəkir və bazarda gərgin vəziyyət yaşanır”. Onun sözlərinə görə, müxtəlif sektorlar üçün nəticələr münaqişənin müddətindən asılı olaraq fərqlənə bilər, lakin tədarük zəncirlərinin pozulması onsuz da həssas vəziyyətdə olan daşımalar bazarına kifayət qədər neqatiiv təsirə malik olacaq.
“ABŞ-da limanlar hələ də böyük tıxacdadır. Kirayə xərcləri çox yüksəkdir. Asiyada bəzi müəssisələr hələ də bağlıdır”, – deyə ekspert bildirib.
Rusiya və Ukrayna arasında münaqişənin nəticələri artıq mürəkkəb təchizat zəncirinə malik şirkətlər, o cümlədən avtomobil istehsalçıları üçün özünü büruzə verib. Beləliklə, “Volkswagen AG” bildirib ki, komponentlərin çatışmazlığı şirkəti Volfsburqdakı əsas zavodunda və Almaniyadakı bir sıra digər zavodlarda istehsalı azaltmağa məcbur edəcək, “BMW” isə Almaniya, Asiya və Böyük Britaniyada istehsalı məhdudlaşdırmağı planlaşdırır.
Avtomobil istehsalçıları digər əsas materiallarda da çatışmazlıqlarla üzləşə bilər: Ukrayna və Rusiya palladium və platin, həmçinin alüminium, polad və xromun dünyada mühüm tədarükçüləridir.
Bu arada yarımkeçirici istehsalçıları məhsullarının istehsalı üçün lazım olan neon, ksenon və palladium çatışmazlığından ehtiyat etdiklərini bildiriblər. Öz növbəsində, kartof çipsləri və kosmetika istehsalçılarının əsas hissəsi Rusiya və Ukraynada istehsal olunan günəbaxan yağının qlobal bazarda çatışmazlığı ilə üzləşə bilər.
Uzun sürən münaqişə çörək, makaron və qablaşdırılmış qidaların hazırlanmasında istifadə olunan yay buğdası məhsulununun tədarükünü təhlükə altına qoya bilər. Qlobal tədarük zəncirindəki pozulmalar səbəbindən ərzaq qiymətləri artıq əhəmiyyətli dərəcədə artıb.
Bir gün əvvəl dəniz konteyner daşımalarında üç dünya lideri – İsveçrənin Aralıq dənizi Gəmiçiliyi (MSC), Danimarkanın “Maersk” və Fransanın “CMA CGM” şirkəti mart ayından etibarən Rusiyaya və Rusiyadan konteynerlərin daşınması üçün yeni sifarişlərin qəbulunu dayandıracaqlarını açıqlayıblar.
Dünyanın təbii qaz ticarətinin təxminən beşdə biri Rusiyanın payına düşür və həm Rusiya Federasiyası, həm də Ukrayna buğda, arpa, qarğıdalı və gübrələrin ən böyük ixracatçıları sırasındadır.
“Rusiya və Ukrayna arasında artıq bir həftədir davam edən müharibə sadəcə dünya əmtəə bazarında vəziyyəti daha da pisləşdirir”, deyə
“White and Williams” şirkətinin tərəfdaşı Kristofer F. Qrem bildirib.