Rusiyanın energetika naziri Aleksandr Novak İranın neft naziri Bijan Zəngane ilə telefon danışığı aparıb.
“Report”un məlumatına görə, bu barədə Rusiyanın Energetika Nazirliyi məlumat yayıb.
Məlumata görə, telefon danışığı zamanı nazirlər neft bazarındakı vəziyyəti və OPEC+ formatında qarşılıqlı əlaqələri müzakirə ediblər.
Xatırladaq ki, Çində koronavirusun yayılması qlobal neft tələbatının zəifləməsi ilə bağlı narahatlıqları artırıb. Nəticədə, “Brent “markalı neftin bir barelinin qiyməti yanvar ayındakı 71 dollar maksimumdan hazırkı 56-57 dollara düşüb.
OPEC+ Texniki Komitəsi yaranmış vəziyyəti fevralın əvvəlində planlaşdırılmamış iclasda müzakirə edib. İclasın nəticələrinə əsasən, alyansın mütəxəssisləri hasilatın azaldılması ilə bağlı sazişi bu ilin ikinci rübün sonuna qədər uzatmağı tövsiyə ediblər. Qeyri-rəsmi məlumatlara görə, Səudiyyə Ərəbistanı azalmanın dərinləşməsini fəal şəkildə müdafiə edir və neft hasilatını gündə daha 600 min barel azaltmaq təklif olunur.