Azərbaycan Almaniya şirkətləri ilə müxtəlif istiqamətlərdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Bunu energetika nazirinin müavini Natiq Abbasov deyib.
“Azərbaycan və Almaniya arasında çoxtərəfli əməkdaşlıq artıq uğurla inkişaf edir, amma bu əməkdaşlığın bundan sonra da inkişafı üçün potensial var”, – deyə o, dünən Bakıda Azərbaycan-Almaniya biznes forumunda çıxışı zamanı bildirib.
Nazir müavini xatırladıb ki, Almaniyanın “UNIPER” şirkəti “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” çərçivəsində qazın alıcısıdır və 25 il ərzində hər il Azərbaycandan 1,5 milyard kubmetr qaz alacaq. “Bu, təkcə Almaniya və Avropa üçün Cənub Qaz Dəhlizinin rolunu artırmayacaq, həm də bütovlükdə ölkənin qaz təchizatına töhfə verəcək”, – deyə N.Abbasov vurğulayıb.
O qeyd edib ki, “SOCAR-UNIPER” birgə müəssisəsi “Azərikimya” İstehsalat Birliyinin neft-kimya müəssisələrinin modernləşdirilməsi layihəsinə cəlb olunub. Bakı və Abşeronun qazpaylama şəbəkəsinin yenidən qurulması və modernləşdirilməsi layihəsi çərçivəsində, eləcə də enerji səmərəliliyi, elektrik stansiyalarının özəlləşdirilməsi və idarə edilməsi sahəsində “UNIPER”lə əməkdaşlıq üçün böyük perspektivlər var.
Nazir müavini, həmçinin bildirib ki, Almaniyanın “Siemens” şirkətinin iştirakı ilə Azərbaycanda enerji sahəsində iri infrastruktur layihələri reallaşdırılıb.
Bundan başqa, bir sıra alman şirkətləri bərpa olunan və alternativ enerji mənbələri sahəsində pilot layihələrin həyata keçirilməsinə cəlb olunub.
“Bununla yanaşı, qabaqcıl təcrübə və texnologiyalara malik olan şirkətlərin Azərbaycanda daha aktiv fəaliyyəti üçün şərait yaradılıb”, – deyə N.Abbasov əlavə edib.